Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 5-də Soçidə Vladimir Putinlə görüşdən sonra Rusiya qazının tədarükünü rublla ödəməyə razılaşıb. Türkiyənin 5 bankının "Mir” kartları ilə ödənişləri qəbul etməyə imkan verən sistemi tətbiq etməsi Vaşinqtonun Ankaraya qarşı təzyiqlərinin artmasına səbəb ola bilər.
Belə ki, ABŞ sanksiyaya məruz qalan Rusiya banklarına müxbir hesabları açdığı təqdirdə, Türkiyənin yerli banklarını dollarla əməliyyatlar aparmaq imkanından məhrum etməklə hədələyib.
ABŞ maliyyə nazirinin müavini Uolli Adeymonun Türkiyədəki Amerika Ticarət Palatasına göndərdiyi məktuba görə, türk bankları Rusiya, yoxsa ABŞ bankları ilə işləmək istədiklərini seçmək məcburiyyətində qalacaqlar. Bildirilir ki, Adeymo eyni məktubu ölkənin ən yüksək biznes qurumu olan Türk Sənaye və İş Adamları Birliyinə (TUSİAB) də göndərib. Məktubda deyilir ki, Türkiyə bankları ABŞ bankları ilə eyni münasibətləri davam etdirərkən sanksiya tətbiq edilən Rusiya bankları ilə müxbir əlaqələrində ola bilməz. "Lütfən, sanksiyaya məruz qalmış Rusiya qurumları ilə sövdələşmənin Türkiyə maliyyə qurumları və şirkətləri üçün risk yarada biləcəyini nəzərə alın”, - Adeymo məktubda yazıb. Adıçəkilən məktubu yazmaqdan əvvəl Adeymo Türkiyə maliyyə nazirinin müavini Yunus Elitaş ilə müzakirələr aparıb və Moskvanın sanksiyalardan yayınmaq üçün Türkiyədən istifadə etməsindən narahatlığını ifadə edib.
Türkiyə maliyyə nazirliyinin məlumatına görə, Elitas amerikalı həmkarını Rusiya ilə dərin iqtisadi və siyasi əlaqələrə baxmayaraq, Ankaranın sanksiyaların pozulmasına yol verməyəcəyinə inandırıb.
Məsələ ilə bağlı Qaynarinfo-ya danışan maliyyə-bank eksperti
Əkrəm Həsənov bildirib ki, ABŞ Türkiyənin yerli banklarını dollarla əməliyyat həyata keçirməkdən məhrum etməyəcək:

"Belə bir hadisə baş verərsə, faktiki olaraq Rusiya bank sistemində olduğu kimi, Türkiyə bank sisteminin də dollarla əməliyyatlar həyata keçirməkdən təcrid olunması baş verəcək. Bu isə Türkiyə üçün ciddi problemə çevrilə bilər. Əslində ABŞ Türkiyəyə Rusiya ödəniş sistemlərinə qoşulmağı qadağan etmir. Dollarla əməliyyatlardan təcrid olunma o demək deyil ki, həmin ölkə digər sistemlərdən istifadə edə bilməz. Sadəcə, ABŞ-ı narahat edən odur ki, o sistemlər vasitəsilə Rusiyaya qarşı tətbiq olunan sanksiyaları ötüb keçməyə imkan verilə bilər. Fikrimcə, Türkiyə də bunu anlayır və ehtiyatlı davranacaq. Ona görə də Ankara Rusiya ilə münasibətdə digər ödəniş sistemindən istifadə edən zaman belə, sanksiyaları ötüb keçməyə yol verməyəcək. Digər tərəfdən, Türkiyə Qərb üçün vacib tərəfdaş olduğundan onu dollarla əməliyyat aparmaq imkanından məhrum etməyəcəklər. Çünki bu halda faktiki olaraq Türkiyə ilə Rusiya birləşəcək. Ona görə də Qərb buna getməyəcək. Hardasa pozuntu olsa da, Türkiyəni yalnız xəbərdar etməklə kifayətlənəcəklər”.
Rüfət Sultan