Xəbər lenti

Aprel döyüşlərində yaralanmış hərbçi: Ermənistan qadağan olunmuş mərmilərdən istifadə edirdi
Siyasət 15:23 29.05.2025

Aprel döyüşlərində yaralanmış hərbçi: Ermənistan qadağan olunmuş mərmilərdən istifadə edirdi

Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs Elmir Abbasov hərbçi kimi xidmət etdiyi Tərtər rayonunda 2016-cı ildə baş vermiş Aprel döyüşləri zamanı yaralandığını bildirib.

AZƏRTAC xəbər verir ki, o, 2016-cı ilin aprel ayının 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin təxribat törətdiyini, atəş açdığını söyləyib və deyib: "Bilirsiniz ki, döyüş və müharibə qanunlarına görə, hərbi bölmə yalnız hərbi bölmə ilə vuruşmalıdır. Amma onlar kəndlərə, dinc əhalinin yaşadığı ərazilərə qadağan edilmiş mərmilər atırdılar, zəhərli, yandırıcı mərmilər atırdılar. Yəni, Ermənistan silahlı qüvvələri qadağan olunmuş mərmilərdən kütləvi şəkildə istifadə edirdilər.

"Şrapnel tipli" adlandırdığımız mərmilərin tərkibində çuqun qəlpələrdən əlavə, bir mərminin içərisində 2 mindən çox iynə yerləşdirilir. Bu, elə iynələrdir ki, onların birinin insana dəyməsi belə kütləvi zəhərlənməyə səbəb ola bilər. Bizə keçirilən təlimlər zamanı videogörüntülər vasitəsilə izah edilib ki, həmin iynələrə dəriyə batmadan, sadəcə əl ilə toxunmaq belə insan orqanizminə təsir göstərir və zəhərlənməyə səbəb olur”.

Zərərçəkmiş şəxs dövlət ittihamını müdafiə edən prokurorların, zərərçəkmişlərin vəkillərinin, müdafiə tərəfinin, o cümlədən təqsirləndirilən şəxslərin suallarını cavablandırıb. Təqsirləndirilən şəxs Levon Mnatsakanyan sual verən zaman əvvəlcə Aprel döyüşlərində iştirak etdiyini bildirib və deyib: "Mən 2016-cı ildə keçirilən əməliyyatlarda iştirak etmişəm və "ordu komandiri” olmuşam. Düzünü desəm, təqdim olunanların baş verdiyini ilk dəfədir eşidirəm”.

O, hadisə zamanı E.Abbasovun hansı hərbi vəzifəni tutduğunu və rütbəsini soruşub. Zərərçəkmiş şəxs həmin vaxt artilleriya divizionunda batareya komandiri olduğunu, kapitan rütbəsində xidmət etdiyini deyib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->