Dünya 21:12 16.10.2023

"ATƏT-i xilas etmək üçün Rusiyanı qovmaq lazımdır" - Kuleba

Ukrayna xarici işlər naziri Dmitri Kuleba Rusiya Federasiyasını Avropa üçün əsas təhlükə adlandıraraq, Rusiyanın ATƏT-dən çıxarılmasının zəruriliyini açıqlayıb.

Qaynarinfo "Yevropeyska pravda”ya istinadən xəbər verir ki, o, bu barədə bazar ertəsi Kiyevdə ATƏT-in rəhbəri Buyar Osmani ilə keçirdiyi mətbuat konfransında bildirib.

"Moskva faktiki olaraq konsensus prinsipi ilə manipulyasiya edərək ATƏT-i girov götürüb və bununla da təşkilatı daxildən məhv edib”, deyə Ukrayna XİN rəhbəri qeyd edib.

Onun sözlərinə görə, Rusiya xaos yaratmağa və sabitliyi pozmağa çalışır. Kuleba bunu Avropada təhlükəsizlik və əməkdaşlığa ən böyük təhdid adlandırıb.

"Bu gün mən öz mövqeyimi təsdiqlədim ki, əgər biz ATƏT-i, Avropada təhlükəsizliyi və əməkdaşlığı xilas etmək istəyiriksə, Rusiyanı ATƏT-dən və Avropanın kandarından sıxışdırıb çıxarmalıyıq. Bu, hamı üçün daha yaxşı olar", deyə ukraynalı nazir vurğulayıb.

O, Rusiyanın indi ATƏT-i "öldürdüyünü” bildirib və əlavə edib ki, bu təşkilatı Rusiya Federasiyası olmadan "asanlıqla təsəvvür edə bilir”.

Xatırladaq ki, oktyabrın 16-da səhər saatlarında Şimali Makedoniyanın xarici işlər naziri və ATƏT-in rəhbəri Buyar Osmani Kiyevə gəlib. Osmani qeyd edib ki, o, 2023-cü ildə öz dövlətinin ATƏT-ə sədrliyinə Ukraynaya səfərlə başlayıb və indi ilin sonunda yenidən qayıtmaq qərarına gəlib.

Nizami Bağırov