Çərşənbə axşamı Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Parlament Assambleyası Rusiyanı terrorçu "Vaqner" qrupunun dövlət himayədarı kimi tanıdığı barədə yekun bəyannaməni qəbul edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukraynanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, deputat Yevgeniya Kravçuk bildirib.
ATƏT Parlament Assambleyasının Vankuverdə keçirilən iclasının yekun sənədində deyilir ki, "Vaqner” özəl hərbi şirkətinin Rusiya hökuməti adından hərəkətləri "haqlı olaraq terrorçuluq kimi səciyyələndirilə bilər".
Həmçinin qeyd edilir ki, ATƏT-ə üzv olan dövlətlər "Vaqner” qrupu və onun tabeliyində olan, onunla əlaqəli olan strukturlara qarşı, xüsusən də onları terror təşkilatı elan edərək, tədbir görməlidir.
Bəyannamədə həmçinin "üzv dövlətləri "Vaqner" qruplaşmasının və onun fəaliyyətinin terror xarakterini açıq şəkildə tanıyan beynəlxalq normaları gücləndirməyə çağırır” və "Rusiyanın bu terror təşkilatına sponsorluq edən dövlət kimi məsuliyyəti” qeyd edilir.
Kravçukun sözlərinə görə, bu ifadə ilk dəfə beynəlxalq təşkilatın rəsmi sənədində öz əksini tapıb.
Xatırladaq ki, Rusiyanı terrorçu dövlət kimi tanıyan ilk beynəlxalq təşkilat Avropa Şurası Parlament Assambleyası olub. O, 2022-ci ilin oktyabrında müvafiq qətnamə qəbul edib.
Nizami Bağırov
Şərhlər