Xəbər lenti

Avqustun dünyanı dəyişən üç qızmar günü...
Hüseynbala Səlimov
Ölkə06:15 23.08.2021

Avqustun dünyanı dəyişən üç qızmar günü...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hüseynbala Səlimov
Ötən həftə daha bir anti-yubileyə şahidlik etdik. Məşhur Avqust qiyamından otuz il keçdi. Hər dəfə özümdən soruşuram ki, görən, mən o günləri necə xatırlayıram? 
Belə təəssürat var ki, sanki çox maraqlı bir serialı birdən dayandırmışdılar. Hamı gözləyirdi ki, görən, bu yenidənqurma adlanan proses necə bitəcək?
Bir də qiyamçıların titrəyən əlləri hələ də yadımdadır. Bunu televiziya ekranlarından açıq–aydın görmək olurdı.
Əlbəttə, proseslərin çoxu Moskvada cərəyan edirdi. Amma əyalətlərin də payına nəsə düşürdü. İndiki kimi yadımdadır, birdən–birə bazar-dükanda tapılmayan şeyləri satışıa çıxarmışdılar. Üstəgəl, bir dəstə polis Xalq Cəbhəsinə hücum etmişdi. Bir də o yadımdadır ki, Azərbaycannın o vaxtkı rəhbərliyi hadisələrə qiymət verməyə bir az tələsmişdi. Amma əlbəttə ki, hamının gözü Moskvada idi.
Cəmi üç gün çəkdi qiyam. Hərçənd, bu üç gün bir çox mətləblərə əsas verdi. Birincisi, belə məlum oldu ki, Qorbaçovla rabitə varmış. Amma o, bu rabitədən istifadə etməmişdi. İkincisi, üç gün kifayət idi ki, Qorbaçov hansısa başqa ölkəyə çıxıb getsin, amma o, bunu da etməmişdi...
Qərəz, qiyamçıların "hakimiyyəti” üç gün çəkdi. Sonra bu adamlar həbs olundu. 
Ən çox tələsən daxili işlər naziri Puqo oldu. Bəli, səhv etmirəmsə, bu adamın familiyası belə idi. Sonradan belə məlum oldu ki, ən çıxılmaz vəziyyətlərdən belə çıxış yolu var, intihar etməyə tələsmək lazım deyil.
Təbii ki, o günlərin qəhrəmanı Boris Yeltsin idi. Amma o vaxt hələ heç kim bilmirdi ki, bir-iki ildən sonra ona daha bir qiyamı yatırtmaq lazım gələcək.
Bəli, Avqust qiyamı SSRİ adlı dövlətin mövcudluğuna son qoydu. Amma sonradan məlum oldu ki, xarici siyasət məsələlərində və geopolitikada yalnız SSRİ-nin adı dəyişibdi. Sonradan Rusiya MDB və KTMT yaradacaq, keçmiş sovet respublikalarını bu birliklərə yığmağa cəhd edəcək və buna da əsasən nail olacaqdı.
Hazırda Rusiyanın qlobal və ya alternativ ideologiyasi yoxdur, amma onun bitib–tükənməyən maraqları var və bu maraqlar hamını yorub və bezdirib. 
SSRİ-dən miras kimi Rusiyaya həm də bir xəritə qaldı və bu xəritə vasitəsilə Moskva uzun müddət sovet respublikalarını biri-birinə qarşı qoya biləcəkdi. Belə ki, SSRİ dağılmamış artıq münaqişələr yaranmışdı, daha doğrusu, SSRİ onları yaratmışdı.
Kiçik xalqların "himayəçisi” və "müdafiəçisi” – Rusiya SSRİ-dən bu missiyanı miras aldı. 
O ki qaldı Qorbaçova, burada adamın yadına başqa bir detal düşür. Uinston Çörçill Nobel mükafatı alarkən belə bir söz demişdi: Xruşşov SSRİ-yə məndən çox ziyan vurdu!
İndi heç kim bilmir, Qorbaçov SSRİ-ni dağıtmaq istəyirdimi? Aydın məsələdir ki, o, ictimai quruluşu dəyişmək istəyirdi. Amma SSRİ-ni bu prosesdən minimal itkilərlə çıxarmaq, onun coğrafiyasını maksimum dərəcədə qorumağa cəhd edirdi.
Bəli, otuz il. Bu uğursuz qiyamdan sonra cəmi sovet respublikaları müstəqillik yolunu tutmağa məcbur oldular. Hətta tərəddüd edənlər də başa düşdü ki, başqa bir yol yoxdur. Amma onların bir hissəsi hələ də Rusiya ilə çarpışır, çünki bəxtləri gətirməyib, Rusiya ilə qonşu olublar. 
Napoleon deyirdi ki, coğrafiya taledir. Burada müəyyən həqiqət var. Amma hər şeyə tale də demək olmur, çünki heç kim bilmir ki, onun alnına nə yazılıb. Bu səbəbdən çarpışmaq, vuruşmaq və müqavimət göstərmək lazımdır – necə ki, bunu Rusiya etdi. Bəli, Avqust qiyamı zamanı ruslar özləri də qapıları bərk-bərk bağlayıb evdə oturardılar ki, bəs bu taledir. Amma onlar bunu etmədi və biz də etməməliyik, - Rusiya bizi təhdid edəndə hətta ona da müqavimət göstərməliyik...