Xəbər lenti

Avropa ABŞ-ın dəstəyi olmadan Rusiya ilə müharibəyə hazırlaşmalıdır - Landsberqis
Dünya 18:00 25.02.2025

Avropa ABŞ-ın dəstəyi olmadan Rusiya ilə müharibəyə hazırlaşmalıdır - Landsberqis

Litvanın keçmiş xarici işlər naziri Qabrielyus Landsberqis Avropanın Amerikanın dəstəyi olmadan Rusiya ilə mübarizəyə hazırlaşmalı olduğunu bildirib.
 
Qaynarinfo xəbər verir ki, o, bu barədə Eurointegration.com-a müsahibəsində danışıb.

Landsberqisin fikrincə, hazırda Avropa Rusiya ilə mübarizəyə ABŞ-ın daha çox Moskva ilə münasibətlərə yönəldiyi bir şəraitdə hazırlaşmalıdır.
Onun fikrincə, bu, Avropanın məğlub olması demək deyil.

"Mən hesab edirəm ki, 'məğlub olduq' ifadəsi yekun bir nəticəni bildirir, amma hazırda belə bir şey yoxdur. Bilirsiniz ki, gələn həftə ABŞ prezidentinin Tvitter hesabında elə bir açıqlama görə bilərik ki, bu, indiki bəyanatları ilə köklü şəkildə ziddiyyət təşkil edər. Bu, tamamilə mümkündür", – deyə o qeyd edib.
Litvanın keçmiş xarici işlər naziri hesab edir ki, Trampın siyasəti aydın məqsədlərə malik deyil.

"Trampın ən böyük problemi odur ki, Putin onu artıq tələyə salıb. Tramp sürətli bir sülh razılaşmasına nail olmaq istədiyi üçün tələyə düşüb. Putin isə cavab olaraq deyib: elə edə bilərəm ki, sən tez bir razılaşma əldə edəsən, əgər qalan məsələlər sənin üçün önəmli deyilsə", – deyə Landsberqis bildirib.

Onun fikrincə, "qalan məsələlər önəmli deyil" demək, Kremlin rəhbərinin istədiyini əldə etməsi deməkdir.

Qeyd edək ki, Tramp Rusiya ilə "böyük iqtisadi inkişaf sazişləri"nin müzakirə olunduğunu və bundan əlavə, Ukraynadakı müharibənin "bitirilməsi" üzrə danışıqların aparıldığını açıqlayıb.

Fevralın 18-də Səudiyyə Ərəbistanında Rusiya və ABŞ-ın yüksək vəzifəli rəsmiləri Ukraynanın iştirakı olmadan görüş keçiriblər. Görüşdə tərəflər ikitərəfli münasibətlərdəki "qıcıqlandırıcı amilləri aradan qaldırmaq" və Rusiya-Ukrayna müharibəsi ilə bağlı danışıqlara hazırlığı davam etdirmək barədə razılığa gəliblər.
Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff isə son vaxtlar ABŞ-ın Rusiya tərəfindən başladılmış Ukrayna müharibəsinin həlli üzrə sülh razılaşmasına "çox yaxın" olduğunu bildirib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->