Avropa liderləri ABŞ prezidenti Donald Tramp ilə Rusiya prezidenti Vladimir Putin arasında cümə günü Alyaskada keçiriləcək görüş ərəfəsində Ukrayna ilə bağlı öz sülh planlarını fəal şəkildə irəli sürür və beynəlxalq sərhədlərin güc yolu ilə dəyişdirilməsinin yolverilməz olduğunu vurğulayırlar.
Qaynarinfo "The Times"a istinadən xəbər verir ki, Tramp bundan əvvəl açıq şəkildə Kiyevin ərazi güzəştlərinə getməli ola biləcəyinə işarə edib. Lakin şənbə gecəsi yeddi Avropa lideri birgə bəyanatda "Ukraynada sülh yolu ölkənin iştirakı olmadan həll edilə bilməz" deyə bildiriblər.
Onlar vurğulayıblar ki, istənilən razılaşma Kiyevin "suverenliyi və ərazi bütövlüyünü" müdafiə edə biləcək təhlükəsizlik zəmanətlərini əhatə etməlidir.
Bəyanatda qeyd olunub: "Diplomatik həll Ukraynanın və Avropanın həyati təhlükəsizlik maraqlarını qorumalıdır. Ukrayna öz taleyini sərbəst seçmək hüququna malikdir. Əhəmiyyətli danışıqlar yalnız atəşkəs və ya hərbi əməliyyatların azalması şəraitində baş tuta bilər. Beynəlxalq sərhədlər güc yolu ilə dəyişdirilməməlidir. Hazırkı təmas xətti danışıqlar üçün başlanğıc nöqtəsi olmalıdır".
Bəyanatı Böyük Britaniya, Fransa, Almaniya, Polşa, İtaliya, Finlandiya və Avropa Komissiyasının rəhbərləri imzalayıb.
Nəşr xatırladır ki, 9 avqustda ABŞ vitse-prezidenti Cey Di Vens Trampın görüş planını Britaniyada Devid Lammi tərəfindən təşkil olunan toplantıda yüksək səviyyəli Avropa və Ukrayna rəsmilərinə təqdim edib. Tədbirdə Böyük Britaniyanın milli təhlükəsizlik üzrə məsləhətçisi Conatan Pauell, Ukrayna prezident administrasiyasının rəhbəri Andriy Yermak və Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov da iştirak edib.
"The Wall Street Journal"ın məlumatına görə, Avropa rəsmiləri ərazi güzəştlərinin yalnız sərt təhlükəsizlik zəmanətləri, o cümlədən NATO-ya mümkün üzvlük ilə müşayiət olunması barədə alternativ təkliflər irəli sürüblər. Lakin bir neçə saat sonra yayımlanan bəyanatda NATO-nun adı çəkilməyib.
Bəyanata əsasən, hər hansı növbəti addımdan əvvəl Rusiya atəşkəsə razılaşmalı və ərazilər yalnız qarşılıqlı əsasda dəyişdirilməlidir. Yəni, Ukrayna bəzi bölgələrdən çəkilərsə, Rusiya da digər bölgələrdən çıxmalıdır.
Bu həftənin əvvəlində Kremldə Putinlə ABŞ-ın xüsusi elçisi Stiv Uitkoff arasında üç saatlıq görüş keçirilib. Uitkoff görüşdən sonra Ağ Evdə həmkarlarına Rusiyanın atəşkəsə razı olduğunu bildirib. Lakin ABŞ-dakı mənbələr onun Rusiyanın təkliflərini tam dəqiq ifadə edə bilmədiyini qeyd ediblər. Avropa diplomatları isə Uitkoffun Moskvanın mesajını düzgün başa düşmədiyindən narahat olduqlarını deyiblər.
Müzakirələr əsasən Ukraynanın şərq və cənubundakı dörd bölgəyə – Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinə yönəlib. Rusiya bu əraziləri 2022-ci ildə ilhaq etdiyini elan etsə də, heç birini tam nəzarətə götürə bilməyib.
Gözlənilir ki, Putin Trampla görüşdə Rusiyanın Donetsk və Luqanskın Ukrayna tərəfindən təhvil verilməsi şərti ilə atəşkəsə razı ola biləcəyini bildirəcək. Əvəzində isə o, Xerson və Zaporojyedə cəbhə xəttinin dondurulmasına hazır olduğunu ifadə edəcək.
Aydın
Şərhlər