Fevralın 24-də Şəki Şəhər Məhkəməsinin qərarı ilə Müsavat Partiyası Şəki şəhər təşkilatının Nəzarət Təftiş Komissiyasının üzvü Yusif Qarayev 25 sutka inzibati həbs edilib.
Bu barədə Müsavat Partiyası məlumat yayıb.
Məlumatda deyilir ki, Yusif Qarayevə qarşı “polisin qanuni tələbinə tabe olmamaq” ittihamı irəli sürülüb.
Partiyanın Şəki şəhər təşkilatı hesab edir ki, Yusif Qarayevin həbsinin səbəbi fevralın 19-da onun evində Müsavatın Divan üzvləri Elman Fəttah və İkram İsrafilin iştitrakı ilə partiyanın zona müşavirəsinin keçirilməsidir.
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Xətai rayon Gənclər Təşkilatının fəalı Vasif Müzəffərov isə fevralın 22-də 36-cı polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə Turan agentliyinə AXCP-nin sədr müavini Gözəl Bayramlı bildirib.
Onun sözlərinə görə, fevralın 23-də Xətai Rayon Məhkəməsi polisin qanuni tələbinə tabe olmamaq ittihamını əsas götürərək fəalın barəsində 30 sutka inzibati həbs qərarı verib.
Polis hələ fəalın həbsi ilə bağlı açıqlama verməyib.