Xəbər lenti

AYB-nin taleyi necə olacaq: Buraxılacaq, yoxsa yeni sədr seçiləcək?
Ölkə 14:25 04.02.2026

AYB-nin taleyi necə olacaq: Buraxılacaq, yoxsa yeni sədr seçiləcək?

Azərbaycan Yazıçılar Birliyi (AYB) növbəti qurultayının keçiriləcəyi vaxtı açıqlayıb. 

Qurumun mətbuat xidmətinin rəhbəri Xəyal Rzazadə Qaynarinfo-ya açıqlamasında bildirib ki, AYB-in növbəti qurultayı 2027-ci ildə keçiriləcək və hələlik kifayət qədər vaxt var: 

"Qurultay yaxınlaşanda namizəd məsələsinə aydınlıq gətiriləcək. İndidən konkret nəsə demək çətindir. Gəlin, hadisələri qabaqlamayaq".

Xatırladaq ki, bir müddət əvvəl mətbuatda AYB sədri Anar Rzayevin növbəti qurultayda namizəd olmayacağı ilə bağlı məlumatlar yayılmışdı. Sosial şəbəkələrdə dolaşan iddialara görə, Anar Rzayevdən sonra AYB-nin buraxılması ehtimalı da müzakirə olunur. 

Yarandığı gündən müxtəlif qalmaqallarla gündəmə gələn AYB-in buraxılması mümkündürmü? Yoxsa Anar Rzayevdən sonra quruma yeni sədr seçiləcək? 

Xalq yazıçısı Çingiz Abdullayev Qaynarinfo-ya açıqlamasında AYB-in buraxılması ilə bağlı yayılan məlumatları şayiə adlandırıb: 

"Belə bir şey ola bilməz".

Xalq şairi Sabir Rüstəmxanlı da AYB-in buraxılmasını mümkün hesab etmədiyini bildirib. 

Azərbaycan Yazıçılar Birliyinin üzvü Qəşəm Nəcəfzadə isə 2027-ci ildə seçiləcək sədrə indidən uğurlar arzulayıb: 

"Kim seçiləcəksə, xeyirli olsun. Bizim üçün əsas olan yaradıcılıqdır".

Bahar Rüstəmli
--> -->