(Yazı "Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi" mövzusu üzrə hazırlanıb)
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 11-də "Siyasi partiyalar haqqında" qanunu imzalayıb. Bununla da qanun icra qüvvəsinə minib. Dövlət başçısı "Siyasi partiyalar haqqında" qanunun tətbiqi haqqında fərman da imzalayıb.
Fərmana görə, Nazirlər Kabineti "Siyasi partiyalar haqqında" qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihəsini iki ay müddətində hazırlayıb prezidentə təqdim edəcək. Nazirlər Kabineti, həmçinin üç ay müddətində siyasi partiyaların qəbul etdikləri ianələrin məbləği və ianəni vermiş şəxslərlə bağlı məlumatların təqdim edilməsi, siyasi partiyanın maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi qaydasını təsdiq edəcək.
Qeyd edək ki, uzun müddət idi siyasi partiyalar haqqında yeni qanun layihəsi cəmiyyətdə müzakirə predmeti idi. Bununla bağlı hətta siyasi partiyalar arasında fikir mübadiləsi də aparılıb. Müəyyən narazılıqlar olsa da, bir çox məsələlərdə vahid fikirlər də səslənib. Nəticədə keçən ilin dekabrın 16-da Milli Məclis "Siyasi Partiyalar haqqında" yeni qanun qəbul edib.
Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirir ki, "Siyasi Partiyalar haqqında” qəbul edilən yeni qanun layihəsinin müzakirəsi, təkliflərin səslənməsi və dinlənilməsi, qəbulu prosesi tam plüralizm şəraitində həyata keçirilib:
"Milli Məclisdə fəaliyyət göstərən partiyaların iştirakı ilə bu istiqamətdə geniş müzakirələr keçirildi. Hər bir tərəfin sərbəst şəkildə öz fikrini səsləndirmək imkanı oldu. Razı olduqları, olmadıqları məqamları aydın şəkildə ifadə etdilər. Hansı dəyişiklikləri zəruri saydıqlarını səsləndirdilər. Bu müzakirələrdən sonra da sözügedən istiqamətdə fikir mübadiləsi davam etdirildi. Vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə də həmin məsələ ətrafında növbəti müzakirələr baş tutdu. Yenə də hər kəsin fikri diqqətlə dinlənildi, bir sıra məqamlar nəzərə alındı. Həm siyasi partiya rəhbərlərinin, həm də vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən müzkirələr zamanı səsləndirilən fikir, verilən təkliflər əsasında siyasi partiyalar haqqında qanuna 70-ə qədər dəyişiklik edildi. Dəyişdirilməsi vacib bilindiyi məqamlarla bağlı çoxsaylı fikirlər nəzərə alındı. Partiyaların yaradılması zamanı oturaqlıq senzi, üzvlərin həddi məsələsinə yenidən baxıldı. Bu ona dəlalət edir ki, partiyalar haqqında qanunun qəbulu prosesinin özü Azərbaycanda plüralizmin inkişafına xidmət edən amil kimi qiymətləndirilməlidir”.

Deputat qeyd edir ki, 1995-ci il Konstitusiyasının qəbulu zamanı aparılan müzakirələrdən sonra ilk dəfə bir qanun layihəsi geniş ictimai müzakirədən keçərək, qəbul olunub:
"Bu da təbii ki, yeni qəbul olunan qanun layihəsinin cəmiyyətin bütün təbəqələrinin baxış və maraqlarına cavab verdiyinin göstəricisidir”.
Bu fonda qəbul olunan qanun layihəsi həmsöhbətimizə görə, Azərbaycanda siyasi iştirakçılığı əhəmiyyətli dərəcədə artıracaq:
"Bu da plüralizm nümunəsidir. Ona görə də qanun layihəsi ölkəmizdə plüralizmin daha sürətlə inkişafına təkan verəcək. Yeni qanun layihəsi həm də cəmiyyətdə siyasi iştirakçılıq haqqında təsəvvürləri də oturuşduracaq. Yəni cəmiyyət üzvü hər hansı bir siyasi platformada öz maraqlarının qorunması naminə iştirak edirsə, təbii ki, bu iştirakın daha səmərəliliyi barədə düşünəcək. Siyasi partiya sadəcə olaraq, hər hansı bir təşkilatın yaradılması xətrinə deyil, konkret hədəflər üçün çalışacaq siyasi platforma olaraq yaradılacaq. Bu da siyasi partiyalar daxilində fəaliyyət göstərmək istəyən insanlarda daha aydın təsəvvürləri formalaşdıracaq”.
Deputat düşünür ki, yeni qanun layihəsi Azərbaycanın siyasi sistemində ciddi keyfiyyət dəyişikliyinə səbəb olacaq:
"Bu, insanların siyasi maariflənməsində mühüm rol oynayacaq. Cəmiyyətdə indeferentliyi, yəni cərəyan edən siyasi proseslərə biganəliyin aradan qaldırılmasında təsirli rol oynayacaq. Siyasi partiyalar qarşılarına qoyduğu məqsədlərə uyğun mütəşəkkil fəaliyyət göstərəcəksə, hesab edirəm bununla da ölkənin siyasi sisteminə təsirli keyfiyyət elementləri qatacaqlar. "Siyasi partiyalar haqqında” yeni qanun kifayət qədər keyfiyyətli olmaqla, demokratik prinsiplərin daha da oturuşmasına, cəmiyyətin plüralist ruhunun daha da güclənməsinə mühüm təsir göstərəcək”.
Rüfət Sultan
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.