Partiya rəhbərlərinin referendumla bağlı yanaşmaları fərqli olsa da, ümumi arzuları birdir: Türkiyənin daha da qüdrətlənməsi...
16 apreldə Türkiyədə keçiriləcək prezident-üsul idarəsinə keçidi nəzərdə tutan konstitusiya dəyişikliyi ilə əlaqədar referendumu qardaş ölkədə həm dəstəkləyənlər, həm də buna qarşı olanlar var. Referendum və onun nəticələrini dəstəkləyənlər “evetçi”lər, bunun əleyhinə çıxanlar isə “hayırçı”lar olaraq adlandırılır. Günlərdir ki, sosial şəbəkələrdə, mediada da bu iki qrup arasında müzakirələr getməkdədir.
Məlum olduğu kimi, Türkiyədə baş verən istənilən hadisə Azərbaycana da təsir edib, burada böyük reaksiyalara səbəb olur. İstər Türkiyədə baş verən terror hadisələri, istərsə də qardaş ölkənin uğurlarını Azərbaycanda əksəriyyət özününkü bilir və bu hadisələrə görə heç də Türkiyə xalqından az təsirlənmir. Elə siyasətdə də bu belədir.
Bəs Azərbaycanın tanınmış siyasiləri keçiriləcək referendum barəsində nə düşünürlər? Onlar “evetçi”dir, yoxsa “hayırçı”?
İctimai şəxslər məsələ ilə əlaqədar müxtəlif fikirlər söylədilər.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı “Yeni Müsavat”a bildirib ki, Türkiyədə gedən müzakirələrə kənardan müdaxilə etmək doğru sayılmaz: “Türkiyə vətəndaşlarının, seçicilərinin adından danışmaq səlahiyyətim yoxdur. Hazırda orada uzun müzakirələr gedir, kənardan bizim müdaxiləmiz, hesab edirəm ki, doğru sayılmaz. Türkiyə üçün xeyirli-uğurlu olsun. Hansı yol Türkiyə üçün məqbuldursa, yəqin ki, onu da seçəcəklər. Mənim buna ”bəli" və ya “xeyr” dəmək haqqım yoxdur. Təbii ki, müəyyən yanaşmam və fikrim var, ancaq bu gün həmin müzakirələrə qatılmıram".
KXCP sədri Mirmahmud Mirəlioğlu isə “Yeni Müsavat”a bildirib ki, “evet” deyənlər Türkiyəni geriyə sürükləyirlər: “Bu məsələdə bizim ”evet" və ya “hayır” deməyimiz, bəllidir ki, o qədər də rol oynamır. Bu, Türkiyənin daxili işidir. Bunun hansının Türkiyəyə lazım olduğuna gəlincə isə düşünürəm ki, “evet” deyənlər Türkiyəni geriyə sürükləyirlər və cümhuriyyət dəyərlərindən yan keçirlər. Onlar hakimiyyətin bir əldə cəmlənməsinin dadını çıxarmaq istəyirlər. Ancaq bu, düşünürəm ki, Türkiyə üçün yaxşı heç nə vəd etmir".
ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, məsələyə siyasi yox, elmi baxımdan yanaşdıqda, prezidentli respublika quruluşuna keçid Türkiyə üçün faydalıdır: “Biz bu məsələyə siyasi baxımdan yanaşa bilmərik. Çünki bu, Türkiyənin daxili işidir. Ancaq məsələyə elmi yanaşanda məlum olur ki, etnik çoxluğu olan dövlətlərdə parlamentli respublikalar dağılmağa meyllidir. Prezidentli respublikalar isə bunun əksinə olaraq möhkəmdir. Ona görə də politologiyada belə bir fikir var ki, böyük dövlətlərdə prezidentli, kiçik dövlətlərdə isə parlamentli respublika olmalıdır. Bunun bir səbəbi də odur ki, böyük dövlətlərdə parlamentli respublika ölkənin dağılmasına, kiçik dövlətlərdə prezidentli respublika diktaturaya gətirib çıxarır. Bu baxımdan, indiki halda Türkiyədə prezidentli respublika quruluşuna keçid strateji maraqları baxımından tamamilə düzgündür. Hesab edirəm ki, hakimiyyət qollarının arasındakı münasibət düzgün müəyyən olunub, hakimiyyətin paylanması doğru həyata keçirilərsə, bu, Türkiyəni parçalamaqdan və Yaxın Şərqdə olan digər dövlətlər kimi acı tale yaşamaqdan xilas edə bilər. Strateji olaraq isə Türkiyə düşmənlərinin əl-qolunu bağlayar”.
Ümid Partiyasının sədri İqbal Ağazadə söyləyib ki, qanunların sərtləşdirilməsi və hakimiyyətin mərkəzləşdirilmiş qaydada idarə olunmasının əleyhinədir:
“Çünki mərkəzləşdirilmiş hakimiyyətlərin avtoritarizm və diktatura yaratdığının tarix boyu nəticələrini oxumuş, görmüş və təhlil etmiş adamam. Buna görə də Türkiyədə mərkəzləşmiş və bir əldə daha çox səlahiyyətlərin cəmləşmiş olduğu hakimiyyətin tərəfdarı deyiləm. Hakimiyyət müxtəlif qollardan ibarətdir və bu qolların hamısının səlahiyyətləri bərabər şəkildə paylaşılmalıdır. Təkhakimiyyətlilik üzərində kollektiv nəzarət mexanizmləri bərqərar olmalıdır. Çox təəssüf ki, Türkiyə bundan imtina edir. Buna görə də mən ”xeyr" deyənlərin tərəfindəyəm".
AG Partiyanın sədri Tural Abbaslı bildirib ki, onlar “evet” deyənlərin tərəfindədirlər: “Ümid edirik ki, belə də olacaq. Çünki bugünkü Türkiyənin vəziyyətinə görə onlara güclü bir dövlət idarəçiliyi institutu lazımdır. İcraedici aparatın ikibaşlı sistemdənsə, mərkəzi sistemə keçidi daha yaxşı olardı. Çünki dünyanın heç bir yerində icraedici struktur iki yerə bölünmür. Türkiyədə isə hazırda icraedici struktur kimi həm baş nazir, həm də prezident institutu var. Bunun birləşdirilməsi yaxşı olar. Eyni zamanda bu gün Türkiyə xalqının sayı 80 milyondur və onlar böyük ərazini əhatə edirlər. Türkiyə geosiyasi baxımdan çox qəliz regionda yerləşir. Belə bir qarışıq dönəmdə Türkiyənin kənar qüvvələrə müdaxiləsi açıq hal alıb. Ona görə də tez qərar verib, icra edə bilən dövlət strukturu lazımdır. Ən əsası da Osmanlı varisi olan bir dövlət kimi çıxış etmək üçün yenə də birləşdirilmiş institut lazımdır. ”Hayr"çılar dediyimiz və başında əsasən CHP-nin durduğu kampaniyaya nəzər salsaq, görərik ki, onların “hayır” demələrinin də əsası yoxdur. Çünki CHP-nin yaradıcısı Atatürkün dönəmində belə, güclü başqanlıq sistemi idi və tək mərkəzdən idarə olunurdu. Buna görə də biz “evet”in tərəfdarıyıq. Hədəflərimiz Türkiyənin Ağ Partiyası ilə eynidir və onların yanındayıq. Fikrimiz var ki, biz də partiya olaraq Türkiyə seçicilərinə müraciət edib, onları “evet” deməyə çağıraq. Bu da bizim qardaş dövlətin qardaş partiyasına dəstəyimiz olar. Heç kim unutmamalıdır ki, Türkiyənin güclənməsi birbaşa Azərbaycana təsir edəcək. Güclü Türkiyə güclü Azərbaycan deməkdir".