Azərbaycanda animasiya istehaslı sahəsində yeni qalmaqal yaşanır.
Qaynarinfo xəbər verir ki, bu dəfəki qalmaqal "Nərgiz" qısametrajlı animasiyanın istehsalı ilə bağlıdır.
Bu animasiyanın istehsalını "Peri Film" MMC həyata keçirəcək. Sifarişçi Azərbaycan Kino Agentliyidir. "Peri Film" MMC animasiyanın istehsalı ilə bağlı Agentliyin keçirdiyi tenderin qalibi olub. Animasiya 97 618 AZN-ə başa gələcək.
Bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib. Yəni, elektron satınalma deyil. Bu, qanunsuz olmasa da, animasiya sahəsində ixtisaslaşmış NME MMC-nin rəhbəri Nicat Manafov satınalmanın şəffaflığına şübhə edir.
Onun sözlərinə görə, "Nərgiz" qısametrajlı animasiyanın istehsalı ilə bağlıd tender keçirilməsi barədə elana rast gəlməyib. "Belə bir elan yoxdur. NME MMC olaraq, bizlər də animasiya istehsalı ilə məşğul oluruq, animasiya tenderindən ümumiyyətlə xəbərimiz olmayıb. Mədəniyyət Nazirliyi və Kino Agentliyi bizim MMC-ni çox yaxından tanıyır. Bu barədə bizə məlumat verilə bilərdi və tender rəqabət şəraitində keçirilərdi. Bir mənbədən satınalmanın hansı zərurətdən yarandığı aydın deyil, şəffaflıq olması üçün bir mənbədən satınalma əsaslandırılmalıdır", deyə Nicat Manafov vurğulayıb.
NME MMC-nin rəhbəri baş verənlərlə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinə şikayət edəcəyini bildirib.
Azərbaycan Kino Agentliyinin müqavilə imzaladığı "Peri Film" MMC-yə gəlincə, şirkət 17 yanvar 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin qanuni təmsilçisi Ağamalıyev Rəşid Eldaroviçdir.
Rəşid Ağamalıyev Azərbaycan Animasiya Assosiasiyasının sədridir. O, "Qarınqulu" animasiyasının istehsalı ilə bağlı qalmaqalda layihənin tender keçirilmədən "Salnaməfilm"ə həvalə olunmasına etiraz etmişdi.
Qaynarinfo məsələ ilə bağlı Rəşid Ağamalıyevin də mövqeyini öyrənməyə cəhd etsə də, onunla danışmaq mümkün olmayıb.
Seyid
Şərhlər