Azərbaycan Opera və Balet Teatrının tarixində ilk dəfə olaraq azərbaycanlı dirijor, Əməkdar artist Əyyub Quliyev Latviya Milli Opera Teatrının səhnəsində dahi Cüzeppe Verdinin "Traviata” operasını idarə edib.
Qaynarinfo xəbər verir ki, noyabrın 11-də nümayiş olunan tamaşada azərbaycanlı dirijorla bərabər Latviya teatrının simfonik orkestri və xoru da yer alıb. Riqada gerçəkləşən tamaşanın quruluşçu rejissoru - Andjey Jaqars, quruluşçu rəssam - Andris Frayberq, geyim üzrə rəssam - Kristina Pasternak, işıq üzrə rəssamı isə Qleb Filştinskidir. Operada əsas rolları Latviya Milli Opera Teatrının tanınmış solistləri - İnqa Slubovska (Violetta), Mixalis Çulpayevs (Alfredo), Yanis Apeynis (Jorj Jermon), İlona Bagele (Flora Bervua), həmçinin, Quntars Rungis (Qaston), Viesturs Vitols (Baron), Yuris Adamsons (Markiz), Eviya Martinson (Annina) və Krisyanis Norvelis (Doktor Qrenvil) ifa edib.
Latviya Milli Opera Teatrının direktoru, məşhur opera müğənnisi Elgis Silinş və Azərbaycanın Latviyada Fövqəladə və Səlahiyyətli səfiri Elnur Sultanov ifaçıları təbrik edib. Xüsusi olaraq azərbaycanlı dirijor Əyyub Quliyevin tamaşasını izləmək üçün Leypsiqdə çıxışlarını yarımçıq qoyaraq Riqaya gələn teatrın direktoru Egils Silinş Bakı ilə bağlı xoş xatirələrini bölüşüb.
Qeyd edək ki, bu ilin sentyabr ayında Azərbaycanın Latviyadakı səfirliyinin təşəbbüsü və Azərbaycanın Mədəniyyət Nazirliyinin dəvətilə Egils Silinş "Üzeyir Hacıbəyli Festivalı”nda rəsmi qonaq qismində iştirak edib. Səfər çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Akademik Opera və Balet Teatrının rəhbərliyi ilə keçən görüşlərdə Latviya Milli Opera Teatrı ilə Azərbaycan arasında mədəni əlaqələrin genişlənməsi perspektivləri ətraflı müzakirə olunub.
Bahar