Xəbər lenti

Dünya 19:10 09.12.2024

"Bakı Ankara və Tel-Əvivi barışdıra bilər" - Ekspert

"Suriyadakı proses kontekstində İsrail Azərbaycan üzərindən Türkiyə ilə münasibətlərdə uzlaşmaq istəyir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında QAFSAM sədrinin müavini Nazim Cəfərsoy Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Qüdsdə İsrail XİN rəhbəri Gideon Saar ilə görüşünü şərh edərkən deyib.
 
"Hikmət Hacıyevin İsrail XİN rəhbəri Gideon Saarla görüşü barədə ikinci öz X hesabında qeyd edib ki, son gəlişmələr kontekstində Yaxın Şərq, Qafqazdakı hadisələr, təhlükəsizlik məsələləri və iki ölkə arasındakı münasibətlər məsələsi müzakirə mövzusu olub. Son hadisələr arasında əsas hadisə Suriyadakı prosesdir. Düşünürəm ki, bu görüşdə ilk olaraq Suriya prosesi müzakirə edilib. Suriya prosesi iki kontekstdə Azərbaycan - İsrail münasibətlərilə əlaqəlidir. Birincisi ona görə ki, Suriyadakı yeni hakimiyyətin Türkiyə ilə ciddi bağlantıları olduğu bilinir. Hazırda isə Ankara ilə Təl-Əviv arasında əlaqə yoxdur. Şəxsi qənaətimə görə bu kontekstdə İsrail Azərbaycan üzərindən Türkiyə ilə münasibətlərdə uzlaşmaq istəyir. Bu da yeni deyil. Daha əvvəl də mətbuatda İsraillə Türkiyə arasında gərginlik yaşananda, onlar arasında Azərbaycan tərəfinin vasitəçilik etdiyinə dair müəyyən informasiyalar yer alırdı. Bir sözlə, fikrimcə görüşdə Suriya hadisələri kontekstində Bakının Təl-Əvivlə Ankara arasındakı münasibətlərdə yumşaldıcı, vasitəçi rol oynaması məsələsi ciddi şəkildə gündəmə gəlib", deyə Nazim Cəfərsoy bildirib.
 


Digər tərəfdən, ekspertin fikrincə, görüş İsrailin Kolan təpələri istiqamətində hərbi fəaliyyətilə də bağlı ola bilər:

"Suriya prosesləri fonunda İsrail Kolan təpələri istiqamətində hərbi irəliləmələrə başlayıb. Bu da önümüzdəki dövrdə Türkiyə ilə İsrail arasında yeni gərginliyə səbəb ola bilər. Görüşün bununla əlaqəli olması da istisna deyil".

Həmsöhbətimiz düşünür ki, sözügedən görüşdə Suriyada yaşayan türkmənlərlə bağlı məsələnin müzakirəsi də istisna edilmir:

"Azərbaycanın Suriyadakı türkmələrlə əlaqələri son dövrlər inkişaf edir. Azərbaycan XİN-i Suriyadakı türkmənlərin durumu bağlı xüsusi bəyanat da yaymışdı. Türkmənlərin İraq təmsilçisi Azərbaycan parlamentində də çıxış etdi. Ona görə türkmənlərlə bağlı məsələnin Suriya hadisələri kontekstində müzakirə olunduğunu da düşünürəm”.

Nazim Cəfərsoy qeyd edib ki, görüşdə həmçinin, baş verən prosesin Azərbaycan-İsrail, Azərbaycan-İran münasibətlərinə, habelə İran-İsrail gərginliyinə təsirinin müzakirəsi də mümkündür:

"Baş verən proseslər İranın regional aktivliyini margilaşdırmaq, kiçiltmək mahiyyəti daşıyır. İranın Suriyadakı imkanlarının məhdudlaşdırılmasının Cənubi Qafqaza, Zəngəzur dəhlizinə, cənub-şimal kooridoruna necə təsir göstərəcəyi məsələsinin müzakirəsi də istisna deyil".

Ekspertin fikrincə, İsrailin Donald Trampla yaxın əlaqələri fonunda Qüdsdəki görüş dolayısıyla Bakının yeni ABŞ adminstrasiyası ilə münasibətlərinin formalaşması yolunda addımlardan biri kimi də xarakterizə oluna bilər:

"Habelə, ortaya çıxa biləcək təhlükəsizlik risqləri də danışıqlar predmeti ola bilər".

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->