Xəbər lenti

Bakıda İsrail-Suriya danışıqlarının növbəti raundu - Dönüş ola bilərmi?
Siyasət 17:00 31.07.2025

Bakıda İsrail-Suriya danışıqlarının növbəti raundu - Dönüş ola bilərmi?

"Bu görüş, münasibətlərin normallaşması üçün ilkin zəmin yarada bilər, lakin böyük dönüş üçün kifayət deyil".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Vüqar Zifəroğlu Bakıda keçirilən İsrail-Suriya danışıqlarının növbəti raundunu şərh edərkən deyib.

Vüqar Zifəroğlu düşünür ki, bu mərhələdə tam barış və diplomatik normallaşma çətin görünsə də, təmas kanallarının açılması, istiqamət funksiyalarının razılaşdırılması mümkündür: 

"Suriya danışıqların bir hissəsi kimi 1974-cü il ayrılma razılaşmasına qayıtmaq istədiyini bildirib. Bu razılaşmanın yenidən aktivləşdirilməsi və beynəlxalq zəmanətlərin verilməsi müzakirə mövzusudur. Danışıqlar əsasında tam razılaşma deyil, lakin təhlükəsizlik-zərbə səviyyəsində anlaşmanın konturları və mexanizmləri müəyyən edilə bilər".



Ekspertin fikrincə, prosesin gedişində İsrailin hücumlarını məhdudlaşdırmaq və Suriyanın ərazi bütövlüyü məsələsində müəyyən diplomatik zəminin yaradılması da gözləniləndir:

"Nəzarət mexanizmləri, demilitarizasiya zonası, İbrahim razılaşmalarına potensial qoşulma perspektivi, gələcək ticarət və enerji əməkdaşlıqları müzakirə mövzularına çevrilə bilər".

Bununla yanaşı, həmsöhbətimiz qeyd edir ki, İsrailin həm Latakiya, həm də Sveyda ərazilərinə hücum faktları, görüşün gərgin keçəcəyini də açıq göstərir:

"Əsəd əl-Şeybaninin bu məsələdə sərt mövqe tutacağı gözlənilir. Təhlükəsizlik və qarşılıqlı cəhdlərlə bağlı konstruktiv mexanizmlər bu raundda diskussiyaya açıq olsa da, tərəflər yalnız gələcək danışıqlar və əlavə raundlar vasitəsilə irəliləyə bilərlər".

Qeyd edək ki, bu gün Bakıda İsrail və Suriya nazirlərinin növbəti görüşünün keçirildiyi barədə xəbərlər yayılıb. Məlumata görə, görüşdə Suriyada təhlükəsizliklə bağlı vəziyyət müzakirə olunub.  

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->