Dünya 15:30 08.09.2022

Baltikyanı ölkələr rusların ölkəyə girişinə tam qadağa qoydu

Sentyabrın 19-na keçən gecə Estoniya, Latviya, Litva və Polşa digər Aİ ölkələrində verilmiş Şengen vizası ilə rusların ölkəyə girişinə qadağa tətbiq edəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə "err.ee” portalı Estoniya hökumətinin mətbuat konfransına istinadən məlumat yayıb.

"Estoniyanın siyasi iradəsi var, biz bunu hüquqi sahədə həyata keçiririk. Sentyabrın 18-dən 19-na keçən gecə Şengen vizasının hansı ölkədən verilməsindən asılı olmayaraq Rusiya Federasiyası vətəndaşlarının Şengen xarici sərhədi vasitəsilə Estoniyaya girişinə qadağa qüvvəyə minəcək”, - xarici işlər naziri Urmas Reynsalu bildirib. 

"Estoniyaya gəlməyin, burada sizi istəmirlər”, - nazir əlavə edib.

Eyni zamanda, o qeyd edib ki, qadağa turist vizası ilə səyahət edən şəxslərə şamil edilir, qohumları ilə görüşmək və digər humanitar səbəblərdən ölkəyə səfər etmək istəyənlərə təsir etmir.

Bundan əvvəl Avropa Komissiyası sentyabrın 12-dən Rusiya ilə viza rejiminin sadələşdirilməsi sazişindən çıxmaq planlarını açıqlamışdı. Yeni şərtlərə əsasən, ruslar üçün viza rüsumu 35 avrodan 80 avroya yüksələcək, konsulluqlar müraciətlər üzrə 10 yox, 15 gün, lazım gələrsə, 45 günə qədər qərar verəcək. Həmçinin çoxgirişli vizalarına daha sərt qaydalar tətbiq olunacaq və viza almaq üçün sənədlərin siyahısı daha da uzanacaq. Bundan əlavə, Aİ-yə üzv ölkələr rusiyalılara artıq verilmiş vizaları ləğv edə biləcəklər.

Nizami Bağırov