Xəbər lenti

Bayden “insan haqları diplomatiyası”na qayıdır?..
Hüseynbala Səlimov
Siyasət05:57 13.12.2021

Bayden “insan haqları diplomatiyası”na qayıdır?..

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hüseynbala Səlimov 
Adətən siyasətçilər predmet yaradır ki, təhlilçilər onu müzakirə edib müəyyən nəticələr çıxarsınlar. Bu mənada ABŞ və Rusiya prezidentləri arasında baş tutmuş iki görüş də istisna deyil – onların ayrı-ayrı məqamlarının müzakirəsi bu gün də davam edir, hərçənd, bu görüşlər heç də yeni geosiyasi başlanğıclara təkan vermədi. İkinci görüşdən yalnız bu yadda qaldı ki, Bayden Putinin NATO üzvü olan ölkələrin liderlərilə görüşünü təşkil etməyə söz verdi. Güman olunur ki, görüş bu yaxınlarda baş tutacaq və onun gedişində ən azı Böyük Britaniyanın, Fransanın və Almaniyanın liderləri iştirak edəcəklər.
Bəs niyə təşəbbüs bizim diqqətimizi cəlb etdi? Qeyd edək ki, belə formatda çoxdan görüşlər keçirilmirdi, hərçənd, siyasi təhlilçilər artıq indidən müzakirələrin əsas istiqamətlərini qeyd edirlər. Böyük ehtimalla, NATO-nun üzv ölkələri Rusiya prezidentini inandırmağa çalışacaq ki, onların Alyansı tam müdafiə xarakterlidir, o, Rusiyaya qarşı yönəlməyib və Blokun bütün strategiyası, o cümlədən də onun Şərqə genişlənməsi heç bir halda Moskvaya qarşı deyil.
Qeyd edək ki, oxşar bəyanatlar birinci dəfə verilmir. Amma Moskva Brüsselin, necə deyər, "timsah göz yaşları”na inanacaqmı? Düşünmürük.
Xatırladaq ki, hələ ötən əsrin doxsanıncı illərinin əvvəllərində Blok üzvləri Rusiyaya NATO-nun üzvü olmağı təklif etmişdi. Amma təəssüf! Onda Rusiya özü üçün xüsusi status istədi, hansı ki, səhv etmiriksə, Alyans üzvlərinin heç birində yoxdur. Beləcə, NATO ilə Rusiyanın lk "ızdivacı” baş tutmadı. Güman ki, o, bu gün də alınmayacaq. Heç sözsüz, burada təkcə Rusiyanı qınamaq olmaz, çünki Alyans üzvləri elə belədə onların fəaliyyətinin Rusiyaya qarşı yönəlmədiyini deyir, amma gəl, sammitlərdə Moskvanı özləri, hətta bütün dünya üçün ən böyük bir təhlükə kimi görürlər.
Düşünürük ki, Baydenin təşəbbüsündə Ukrayna probleminə də xüsusi yer ayrılacaq. Məsələ bundadır ki, son vaxtlar Avropa ölkələrinin iştirakı ilə Ukrayna məsələsinin müzakirəsi aparılmayıb. 
Ruslar bir qayda olaraq güclə hesablaşırlar, ona görə də Avropa ölkələrinin Moskvaya kollektiv təzyiqi və təsiri müəyyən nəticəyə səbəb ola bilər. Tərəflər Ukrayna məsələsini müzakirə edəndə Minsk prosesinə qayıtmağın vacib olduğunu deyirlər. Güman ki, Baydenin təşəbbüsü bu zəmində də mühüm bir cəhd ola bilər.
Belədə isə etiraf edirik ki, biz C.Baydenin siyasətindən elə də baş açmırıq, ən azı ona görə ki, onun siyasəti hətta ABŞ-da müəyyən suallar doğrurur və ABŞ prezidenti cəmiyyət arasında çox aşağı reytinqə malikdir. Amma hiss olunur ki, o, nəsə etmək istəyir. Amma nə? Bu günlərdə cənab Bayden 111 ölkənin iştirakı ilə virtual demokratiya sammiti keçirdi. Fəqət sammitə Çin, Rusiya və hətta Türkiyə dəvət almadı. Xüsusilə qeyd edək ki, Türkiyə demokratik ölkələrin hərbi bloku hesab edilən NATO-nun üzvü, ABŞ-ın siyasi-hərbi müttəfiqidir. Bəs onda cənab Baydenin niyyəti nədir? O, keçmişdə olduğu kimi, insan haqlarını və demokratiyanı bu zəmində problemi olan ölkələrə qarşı siyasi vasitə və yaxud siyasi silah kimi istifadə etmək fikrində deyil ki? 
Prinsipcə, bu, mümkün hesab edilir. Amma bununçün Bayden həm özünün, həm də ki, ölkəsinin imicini dəyişməlidir. ABŞ indi ötən əsrin sonlarında olduğu kimi qəbul edilmir – o vaxt ABŞ və demokratiya demək olar ki, bir sinonim idi. İndi başqa vaxtdır və ABŞ-ın geosiyasi maraqlarının onun qlobal missiyasını kölgədə qoyması adicə bir haldır.
Əlbəttə, Çin və Rusiya iki nəhəngdir. Hər ikisi də qeyri-demokratik ölkədir. Rusiya nüvə dövlətidir və fövqəldövlət statusuna iddialıdır. Çin isə iqtisadi nəhəngdir, siyasi baxımdan da diktaturadır. Bəs C. Bayden Türkiyəni bu ölkələrlə bir cərgəyə qoyanda nəyi əsas götürüb? 
Bu adam hakimiyyətə gələn kimi qondarma "erməni genosidi”ni tanıdı, indi də Ankaranı sərt avtoritar rejimlərlə eyni bir cərgəyə qoyur. Bunun özü Baydenin və yaxud ölkəsinin Türkiyəyə qarşı qərəzli olmasının göstəricisi deyilmi? Məgər bu onun göstəricisi deyilmi ki, Vaşinqton siyasətdə heç də qlobal demokratiya və azadlıq prinsiplərilə yox, özünün cari maraqları ilə hərəkət edir?..