Siyasət 13:41 28.03.2023

“Baydenin İlham Əliyevə məktubu sübut edir ki...” - Deputat

"ABŞ Prezidentinin Azərbaycan Prezidentinə bayram təbriki ölkəmizin təhlükəsizliyini təhdid edənlərə cavabdır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu ABŞ Prezidenti Co Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə Novruz Bayramı münasibətilə ünvanladığı təbrik məktubunu şərh edərkən deyib. Deputat bildirib ki, bu, Vaşinqton-Bakı münasibətlərinin perspektivi və etibarlılığının göstəricisi hesab oluna bilər:



"Novruz Bayramı Azərbaycan xalqının dövlət səviyyəsində qeyd olunan milli bayramıdır. Bu, ən sevilən bayramımızdır. Ona görə də ABŞ Prezidentinin bu münasibətlə Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlaması mühüm hadisədir. 

Məktubda ikitərəfli əlaqlərin inkişafı məsələsinin bundan sonra da diqqət mərkəzində olmasının ifadə edilməsi də Vaşinqton-Bakı münasibətlərinin perspektivi və etibarlılığının göstəricisi hesab oluna bilər. Bu gün dünya mürəkkəb bir tarixi mərhələdədir. ABŞ Prezidentinin Azərbaycan Prezidentinə bayram münasibətilə təbrikində öz əksini tapan məsələlər son dövrlər Cənubi Qafqazda münasibətləri gərginləşdirmək istəyənlərə və Azərbaycanın təhlükəsizliyini təhdid edənlərə həm də bir növ cavabdır. 

Ümumiyyətlə, ABŞ rəsmilərinin Ermənistanla Azərbaycan arasında sülhlə bağlı dialoqun ikitərəfli formatda aparılmasının zəruriliyini qeyd etmələri də, rəsmi Vaşinqtonun Azərbaycana və regionda mümkün sülhə münasibətinin göstəricisi hesab edilə bilər”. 

Rüfət Sultan