"Avropanın qorxaqlığı, ABŞ-ın isə tərəddüdlü siyasəti Rusiyanı bu addımları atmağa həvəsləndirib".
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Rusiyanın Polşaya PUA hücumu fonunda NATO-nun susqunluğunun, habelə Trampın olaya başdansovdu reaksiyasının nəyə xidmət etdiyini şərh edərkən deyib.
"Rusiyanın Polşaya məlum hücumu nəbz yoxlanışı hərəkətidir. Bununla Putin NATO ölkələrinin reaksiyasını yoxlayır. Həmçinin, bununla Kreml özünün güclü olduğu, hətta Avropa ilə müharibəyə hazır olduqları mesajını verir. Yəni bununla əslində Rusiya guya güclü olduğu barədə blef edir", deyə ekspert bildirib.
Üzeyir Şəfiyevin qənaətincə, belə vəziyyətin yaranmasına rəvac verən isə birləşmiş Qərbin cəsarətsizliyidir:
"Zamanında Rusiyaya sərt reaksiya verməmələrinin nəticəsidir. Tramp isə münaqişənin beynəlxalq hüquq çərçivəsində deyil, sahədəki reallıqlar fonunda həllinə üstünlük verir. Ona görə Polşa olayına da başdansovdu reaksiya verir. Nəticədə Şərqi Avropa, Baltikyanı ölkələr də təhdid olunur".
Ekspertin fikrincə, Ukrayna Rusiya müharibəsinin bu şəkildə eskalasiyası daha çox idarəolunan xaosa oxşayır:
"ABŞ müharibəni tez zamanda bitirmək istəsəydi, yanaşma daha çevik, operativ, qəti mövqe şəklində olmalı idi. Prosesdən yeganə çıxış yolu sahədə Rusiyanı ekstensional itkilərə məruz qoymaqdan keçir. Bunun üçün də müharibəni uzatmaq taktikasından əl çəkib, Kiyevə lazım olan hərbi və digər dəstəyi göstərmək lazımdır. Çünki savaşın uzanması ilə daha dərin eskalasiyaların şahidi ola bilərik".
Konfliktoloq güman edir ki, ilin sonuna doğru müharibənin taleyi Rusiyanın böyük itkilərilə öz həllini tapacaq:
"Əks halda, Qərb üçün böyük təhdidlər yaranacaq və onlar Rusiya qarşısında diz çökə bilərlər".
Qeyd edək ki, Rusiyanın Polşa ərazisinə atdığı PUA-lara NATO-nun cavab reaksiyası hələlik müşahidə edilmir. Əksinə, NATO susmağa üstünlük verir. ABŞ prezidenti Donald Tramp isə olayla bağlı suala qarmaqarışıq cavab verməklə yaxasını geri çəkməyə çalışır. Bu isə istər-istəməz Rusiyanı daha da azğınlaşdırır.
Rüfət Sultan
Şərhlər