Bu ilin avqustunda bıçaqlı hücuma məruz qalan məşhur yazıçı Salman Rüşdinin gözlərinin biri görmür, yazıçı əlinin birini hərəkət etdirə bilmir.
APA-nın xəbərinə görə, bu barədə "Sky News" yazıçının agenti Endryu Vayliyə istinadən məlumat yayıb.
Qeyd edilib ki, Salman Rüşdi boynundan 3 ciddi bıçaq yarası alıb, sinirlər zədələndiyindən əlinin biri hərəkətsiz qalıb, bir gözü isə görmə qabiliyyətini itirib. 75 yaşlı yazıçının sinəsi və bədəninin müxtəlif yerlərində isə 15 bıçaq yarası olub.
Bununla belə, Endryu Vayli yazıçının hazırda olduğu məkan barədə məlumat təqdim edə bilməyəcəyini də vurğulayıb.
Qeyd edək ki, bu il avqustun 12-də Salman Rüşdi Nyu-Yorkda Hadi Matarın bıçaqlı hücumuna məruz qalıb. Salman Rüşdi tədbirlərin birində məruzə söyləyərkən 24 yaşlı Nyu-Cersi sakini Hadi Matar əlində bıçaqla səhnəyə çıxaraq ona hücum edib. Hadi Matar saxlanılıb, o, sui-qəsdə cəhddə ittiham olunur.
Yazıçıya hücuma səbəb 1989-cu ildə yazdığı "Şeytan ayələri" kitabı olub. Həmin kitab satışa buraxılan gündən çox böyük səs-küyə səbəb olmuş və hətta İranın dini lideri Ayətullah Xomeyni tərəfindən Rüşdi haqqında ölüm fətvası verilmişdi.
Şərhlər