Xəbər lenti

Biz ABŞ-ın və NATO-nun dəvətini qəbul etməsək…
Hüseynbala Səlimov
Dünya 10:35 08.07.2024

Biz ABŞ-ın və NATO-nun dəvətini qəbul etməsək…

Həftə sonu Türkiyə yığmasının oyunu nəinki TDT zirvə toplantısını, hətta İrandakı prezident seçkilərinin ikinci turunu arxa plana keçirdi desək, güman, yanılmarıq – bəli, türkiyəli qardaşlarımız bizi yamanca məyus etdilər, yaxşı oynadılar, amma qalib gələ bilmədilər. Nə isə. Bunun üzərində çox dayanmalı olmayacağıq, çünki çox çək-çevirdən sonra razılaşmalı olursan ki, idmandır bu, biri udur, digəri isə uduzur.

Odur ki, keçək əsas məsələyə. O isə budur ki, bu həftə Vaşinqtonda NATO-nun yubiley sammiti baş tutmalıdır. Maraqlıdır ki, bura təkcə qonşu Ermənistan yox, biz də dəvət almışıq. Bizim dəvət almağımız bir neçə səbəbdən təəccüblü göründü. Amma ilk ağla gələn bu, olur ki, bu, yubiley sammitidir, bura təkcə müttəfiqlər yox, dostlar da dəvət alır. Bəs Azərbaycanın dəvət alması daha hansı səbəblərdən təəccüblü oldu? 

Ən birincisi, rəsmi Bakı bir neçə dəfə açıq mətnlə bəyan edib ki, onun Aİ və NATO-ya inteqrasiya etmək planları yoxdur. Qeyd edək ki, Vaşinqtonun dəvətinə dərhal reaksiya verən və bunu ABŞ-ın Rusiyanın ən yaxın müttəfiqlərini ondan uzaqlaşdırmaq cəhdi kimi yozan Moskva məhz elə bu səbəbdən bizi əzizləyərək özünün Cənubi Qafqazda ən yaxın müttəfiqi adlandırır, çünki bir daha deyirik ki, biz Rusiya ilə şifahi olaraq əhdi-peyman bağlayaraq söz vermişik ki, heç vaxt üzümüzü Aİ və NATO səmtə çevirməyəcəyik. 

İkincisi, Azərbaycan neytral ölkədir və hətta Bloklara Qoşulmayan Dövlətlərin təşkilatının aparıcı liderlərindən biridir. Amma Qərb və o cümlədən də ABŞ üçün bu, problem deyil. Bir neçə ay bundan əvvəl Azərbaycanda səfərdə olan NATO Baş katibi Yens Stoltenberq maraqlı ehyam vurmuşdu: o, demişdi ki, keçmişdə neytral dövlət olan ölkələrin bir çoxu indi Alyansın ən fəal üzvləridirlər!..

Bəli, dəvəti "təəccüb”lə qarşılamaq üçün ən əsas məqamlar bunlardır. Belədə isə Cənubi Qafqaz ölkələri arasında NATO ilə əməkdaşlıq üçün ən hazırlıqlı və layiqli ölkə Azərbaycandır. Birincisi, Ermənistan kimi onun ərazisində Rusiyanın hərbi bazaları yoxdur, Gürcüstan kimi onun ərazilərinin bir hissəsi Rusiyanın nəzarətində deyil, biz bu yaxınlarda öz ərazilərimizdən Rusiyanın sülhməramlılarını da çıxardıq! 

Üstəgəl, ən yaxın vaxtlarda Azərbaycan ordusu tamamilə Türkiyə standartlarına keçməlidir, bu isə elə NATO standartları deməkdir, deməli, Azərbaycan dolayı yolla NATO hərbi standartlarına keçir. Bəs onda problem nədədi? 

Əvvəlcə onu deyək ki, NATO tezliklə Azərbaycanı və hətta çox istədiyi, əzizlədiyi digər iki xristian Cənubi Qafqaz ölkəsini öz sıralarına qəbul edən deyil, baxmayaraq ki, "xarici agentlər haqqında qanun”un qəbulundan sonra Tiflislə münasibətləri soyusa da, Ermənistanı yamanca əzizləyirlər. Amma təsəvvür edin ki, Vaşinqton sammitinə Ukrayna dəvət almayıb. Səbəb də budur ki, ABŞ Rusiya ilə onsuz da gərgin olan münasibətləri gərginləşdirmək istəmir. Gülüncdür, deyilmi? Bir tərəfdən Rusiya ilə müharibə aparırlar, digər tərəfdənsə, onunla münasibətləri gərginləşdirmək istəmirlər! Həqiqətən də Qərbin gülməli oyunları var! 

İkincisi, Azərbaycanın qarşısında Rusiya kimi maneə var – Bakı Kremlin cızdığı geosiyasi dairədən çıxmağa, ayağını kənara qoymağa hələ ehtiyat edir. Bir daha deyirik ki, Moskva Bakını ona görə əzizləmir ki, burada 340 rusdilli məktəb var, həm də ona görə əzizləyir ki, Bakı onun geosiyasi tabularını gözləyir, üzünü Avropa İttifaqı və NATO tərəfə çevirmir. Amma burada bir incə məqam da var. Aİ və NATO-ya inteqrasiya rəsmi Bakının öz ürəyincə də deyil, onun özəl siyasi maraqlarına da cavab vermir. Ona qalsa, türk dövlətlərinin inteqrasiyası da Rusiyanın geosiyasi maraqlarına cavab vermir, amma Bakı bu müstəvidə ən fəal aktorlardan biridir. Deməli, bu məsələdə daha incə mətləblər var. Amma qarşıdan böyük COP-29 tədbiri gəlir. Biz kiminsə dəvətini qəbul etmədiyimiz kimi bizim də dəvətimizi qəbul etməyə bilərlər. Ona görə də belə incə məqamları nəzərə almağımnız lazımdır...
 
Hüseynbala Səlimov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->