"Bölgəmizdə sabitlik və əməkdaşlığa töhvə verəcək platformaların yaranma ehtimalı daha böyükdür. Yenidən gərginliyin olmasına çalışan platformaların bölgəmizdə mövcudluğu isə mümkünsüzdür”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə regionla bağlı Türkiyənin təklif etdiyi "altılıq platforması”na alternativ olaraq, Tiflisin 3 Cənubi Qafqaz ölkəsi, ABŞ və AB daxil olmaqla 3+2 platfotmasını irəli sürməsi fonunda, hansının yaranma ehtimalının daha güclü olduğuna münasibət bildirərkən deyib.
Onun fikrincə, əslində bu cür platformaların çox olması regionun xeyrinədir:
"Azərbaycan bölgəmizi tarazlıq, sülh və sabitlik bölgəsinə çevirmək istəyir. Türkiyə də bu prosesdə hər zaman bizimlə birgədir. Gürcüstan da ölkəmizlə əməkdaşlıq edir. Ermənistana gəldikdə, istərdik ki, o da ərazi iddialarına son qoyaraq, Azərbaycanla sülh sazişi imzalayaraq, prosesə qoşulsun. Ona görə də platformalar və orada iştirak edən dövlətlər nə qədər çox olsa, bundan ancaq Azərbaycan da daxil bütün bölgə udacaq”.
Deputat qeyd edir ki, əməkdaşlıq və sabitliyə qarşı çıxan platformaların regionda mövcudluğu mümkünsüzdür:
"Azərbaycan Avropa Birliyinin enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu istiqamətdə Bakının AB ilə əməkdaşlığı genişlənir. Azərbaycan əməkdaşlığa, tərəfdaşlığa hər zaman hazırdır. Gürcüstanla Rusiyanın problemi var, ona görə də birgə platformalarda iştirak edə bilmirlər. Azərbaycanın indi heç bir ölkə ilə problemi yoxdur. Ermənistanı da normal əməkdaşlığa dəvət edirik. Ölkəmiz ilk növbədə sabitlik və əməkdaşlıq mühitinin yaradılmasında maraqlıdır. Kim belə bir mühitin yaradılmasına töhvə verəcəksə, həmin platforma da bölgəmizdə özünə yer tapa biləcək. Əməkdaşlıq və sabitliyə qarşı çıxan, bölgədə yenidən gərginliyin yaranması və müharibədə maraqlı olan dövlətlər regionmuzda təbii ki, heç bir imkana malik olmayacaq”.
Rüfət Sultan