Bakı İqlim Fəaliyyəti Həftəsi iqlim prioritetlərinin praktik nəticələrə çevrilməsinə töhfə verə bilər.
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"nın (BCAW 2026) iştirakçılarına videomüraciətində bildirib.
"Bakı İqlim Fəaliyyəti Həftəsi prioritetləri praktik irəliləyişə çevirməyə, regional liderliyi qlobal təkanla əlaqələndirməyə və iqlim keçidini daha sürətli və ədalətli etməyə kömək edə bilər", - o qeyd edib.
S.Stilin sözlərinə görə, aşağı karbonlu iqtisadiyyata keçid artıq geri dönüşü olmayan bir prosesə çevrilib.
"Paris Sazişi işləyir və biz birlikdə bu prosesin daha sürətlə irəliləməsinə nail olacağıq", - icraçı katib vurğulayıb.
O qeyd edib ki, Bakıdan Antalyaya gedən yolda və daha sonrakı mərhələdə iqlim öhdəlikləri konkret fəaliyyətlərə çevrilməlidir.
Onun sözlərinə görə, iqlim fəaliyyəti gündəliyi real iqtisadiyyatda dəyişiklikləri sürətləndirmək üçün hökumətləri, biznesi, maliyyə sektorunu, şəhərləri və vətəndaş cəmiyyətini bir araya gətirməyə qadirdir. Stil əsas istiqamətlər kimi elektrikləşdirməni, metan tullantılarının azaldılmasını, həmçinin şəhərlərin və ərzaq sistemlərinin dayanıqlığının artırılmasını qeyd edib.
"Mənim bugünkü mesajım sadədir: ambisiyalardan fəaliyyətə doğru irəliləməyə, ölkələr, sektorlar və icmalar arasında körpülər qurmağa davam edin", - o bildirib.
Şərhlər