"Bakının sülhlə bağlı Ermənistana ünvanladığı 5-ci paketə İrəvanın cavabı müsbət olarsa, danışıqlar bərpa ediləcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev deyib. Ekspert bildrib ki, Azərbaycan danışıqlardan imtina etməyib:
"Eyni zamanda, imtina etmək barədə hər hansı bir bəyanat da verməmişik. Əksinə, sülh məsələsinin Ermənistandan cavab gözlədiyini elan edib. Digər tərəfdən, Azərbaycanın Avropa İttifaqından platforma olaraq istifadə etmək sahəsində məhdudiyyəti də yoxdur. Söhbət yalnız, ölkəmizə qarşı irəli sürülən ittihamların əsaslı olmamasından gedir. Danışıqlar prosesi davam etməlidir və yəqin ki, davam edəcək. Hətta müəyyən informasiyalar da var ki, dekabrın əvvəllərində görüşün təşkil edilməsi barədə çalışmalar olacvaq. Odur ki, Brüssel görüşü tam realdır”.
Həmsöhbətimiz qeyd edib ki, Azərbaycanın kimlərinsə mövqeyindən narazı olması, bütövlükdə danışıqlardan imtina etdiyimiz anlamına gəlməməlidir:
"Söhbət yalnız format və həmin formatda iştirak edənlərin mövqelərindən gedir. Əvvəl-axır görüş olacaq. Azərbaycan da dəfələrlə bəyan edib ki, sülhdə maraqlıdır. Bəlkə də Azərbaycan indiki vəziyyətdə sülhü istənilən digər ölkədən daha çox istəyir. Ona görə də əvvəl-axır bu baş verəcək. Onun nə qədər tez olacağı isə hansı şərtlər və yaxud şərtlər olmadan növbəti görüşün baş tutmasından asılıdır. Azərbaycanın sülh məsələsilə bağlı 5-ci paketi ermənilərə yollayıb. Hələlik onlardan cavab gəlməyib. Həmin cavab müsbət olarsa, artıq söhbət danışıqların bərpasından gedəcək”.
Qeyd edək ki, Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Aİ Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan və Ermənistan liderlərinin mümkün qədər tez zamanda Brüssel görüşünü təşkil etmək istədiyini bildirib. Brüssel görüşü Fransanın tutduğu ermənipərəst mövqe səbəbindən müəyyən qədər dalana dirənib. Bu fonda da bəzi ekspertlər yaxın zamanlarda həmin görüşün baş tutma ehtimalını o qədər də real hesab etmirlər.
Rüfət Sultan