"Regionumuzda yeni loqistik xətlərinin açılması və Zəngəzur dəhlizi boyunca dəmir yolunun çəkilişi Aİ-nin iqtisadi maraqlarına tam təminat verir”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Brüsseldə Avropa İttifaqı, Azərbaycan və Ermənistan rəhbərləri arasında baş tutan görüşün nəticəsi olaraq Aİ Şurasının Prezidenti Şarl Mişelin səsləndirdiyi bəyanatda Cənubi Qafqazda iqtisadi əməkdaşlıq və Zəngəzur dəhlizi boyunca dəmir yolunun çəkilməsi məsələsinə xüsusi önəm verməsinə münasibət bildirərkən deyib:
"Avropa Birliyinin bölgəmizdə olan yeni layihələri dəstəkləməsi çox önəmlidir. Güman ki, kommunikasiyaların açılması məsələsi yaxın gələcəkdə köklü şəkildə həll olunacaq. Bunun ayrıca element kimi vurğulanması da önəmlidir. Çünki böyük sülh sazişilə bağlı başqa ciddi problemlər var. O, cümlədən Rusiya ilə də müxtəlif anlaşmaların olması vacibdir”.
Həmsöhbətimiz qeyd edir ki, Aİ yeni loqistik xətlərin açılmasını istəyir:
"Regionda kommunikasiyaların açılması və ona ayrıca maliyyə dəstəyinin verilməsi ondan xəbər verir ki, Aİ ölkələri yeni loqistik xətlərin açılmasında maraqlıdırlar. Hazırda dünyada loqistika məsələsində də problemlər yaşanır. Loqistik xətlərin bahalaşması müşahidə olunur. Avropanı Asiya ilə birləşdirəcək yeni marşurutların olması Aİ-nin də mənafeyinə cavab verir. Ona görə düşünürəm ki, normal şərtlərlə kommunikasiyaların açılması prosesinə Qərbdən maliyyə dəstəyinin olması da gözlənilir”.
N. Cəfərli düşünür ki, yaxın gələcəkdə bu istiqamətdə konkret sənədlərin imzalanması da mümkündür:
"Bu da nəticə etibarı ilə bölgəmizdə sülhün bərqərar olmasına, əməkdaşlığın artmasına mühüm töhfə verəcək.
Azərbaycan uzun illərdir ki, dəmir yollarının loqistik mərkəzinə çevrilməyə çalışır. Bunun üçün Şümal-Cənub, Şərq-Qərb dəhlizlərinin Azərbaycan üzərindən keçdiyi dəhlizlərə maliyyə yatırımları da edib”.
Ekspert bildirir ki, Zəngəzur dəhlizi boyunca dəmir yolunun açılması yeni fürsətlər yaradacaq:
"Türkiyə üzərindən Avropanın Asiya ilə birləşdirilməsi və əks istiqamət üzrə daha tez və ucuz başa gələn marşrutların açılmasına səbəb olacaq ki, bu da Aİ-nin marağındadır. Dəmir yolu gəmiçilikdən sonra loqistikada ən ucuz daşınma xəttidir. Ona görə sözügedən dəmir yolu Aİ-nin iqtisadi maraqlarına tam təminat verir. Bununla Zəngəzur dəhlizi vasitəsilə Londondan Pekinə daha ucuz və qısa yolu özündə ehtiva edən yeni xətlərin açılması baş verəcək. Sözügedən dəmir yolunun tikintisində güman ki, Avropa şirkətlərinin iştirakını da görəcəyik. Bir sözlə, Brüsseldəki görüşdə 26 noyabrda Soçidə olan görüşlə müqayisədə konkretlik daha çox oldu. Soçi görüşündə fərqli-fərqli məsələlər müzakirə edildi, Brüsseldə isə məsələlərin daha konkret müzakirəsinə üstünlük verildi. Bu mənada Brüssel görüşü daha geniş əhəmiyyət qazandı”.
Rüfət Sultan