ABŞ-da qaradərili Corc Floydun polis zorakılığı səbəbindən ölməsindən sonra başlayan iğtişaşlar sürətlə dünyanın bir çox yerinə yayılıb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Böyük Britaniyanın paytaxtı Londonda nümayişçilərlə polis arasında qarşıdurma yaşanıb. ABŞ səfirliyi qarşısında başlayan aksiyalar nazirlər kabineti binasının qabağında davam edib. Nümayişçilər polisə şüşə butulka və daş atıblar. Qarşıdurma zamanı 1 polis məmuru başından yaralanıb və 1 nəfər saxlanılıb.
Hadisədən sonra polis binanın qarşısını boşaldıb, bəzi aksiyaçılar isə polislərin arasında qalıb. Bundan başqa şəhərin bəzi yerlərində nümayişçilər polis maşınlarını daşlayıblar. Bəzi aksiyaçılar isə ABŞ prezidenti Donald Trampın kuklasını yumruqlayıb və təpikləyiblər.
Bənzər hadisələr Brüsseldə və Romada da yaşanıb. Brüsseldə 150 nəfərin saxlanıldığı açıqlanıb. Nümayişçilər etiraz əlaməti olaraq mağazaları yağmalayıblar.
Rusiya Xarici İşlər Nazirliyi də baş verən hadisələrə görə ABŞ hökumətini qınayıb. İllər boyunca digər ölkələrdəki nümayişlər zamanı Vaşinqtonun aksiyaçılarla necə davranmalı olduğunu diktə etdiyini xatırladan Rusiya XİN ABŞ-ın həmin ölkələrdə nümayişləri qızışdırdığını bildirib.
"ABŞ-dakı iğtişaşlar Vaşintonun tətbiq etdiyi ikili standartların açıq göstəricisidir", - deyə nazirliyin Facebook səhifəsində verilən açıqlamada qeyd olunub.
Nyu York şəhər bələdiyyəsi isə reformasiya tələbləri çərçivəsində polis departamentinə ayrılan büdcə vəsaitinin miqdarını azaldacağını açıqlayıb. Kəsilən vəsaitin sosial xidmətlərə yönəldiləcəyi bildirilib.
Qeyd edək ki, mayın 25-də qaradərili Corc Floydun saxlanılması zamanı polis məmuru dizini uzun müddət onun boynunda saxladığı üçün nəfəs ala bilməmiş və xəstəxanaya aparılarkən yolda həyatını itirmişdi.