Psixoloqlar bildirirlər ki, bəzi insanların başqalarını alçaldan və ya incidən davranışları əslində onların daxili güvənsizlik hissindən qaynaqlanır.
Qaynarinfo xəbər verir ki, "Your Tango" nəşrinin yazdığına görə, özünəinam çatışmazlığı insanın həm özünü necə gördüyünə, həm də başqaları ilə münasibətinə təsir göstərir.
Klinik psixoloq Emi Daramusun sözlərinə görə, güvənsizlik bəzən həddindən artıq özünəinam görüntüsü altında gizlənə bilər: "Özünə güvənməyən insanlar tənqidi qəbul etməkdə çətinlik çəkirlər. Çünki zəif və ya təcrübəsiz görünmək istəmirlər. Bu səbəbdən bəzən həddindən artıq özünəinamlı davranır və başqalarını alçaldırlar".
Özünü "özünəinam eksperti” adlandıran Keysi Cons da bu fikirlə razılaşır. Onun sözlərinə görə, özünə qarşı dərin narazılığı olan insanlar bunu gizlətmək üçün müəyyən davranışlara meylli olurlar: "Sarkazm insanların özlərinə qarşı nifrəti gizlətmək üsullarından biridir”.
Psixoloqların fikrincə, daxili güvənsizlik hissini kompensasiya etməyə çalışan insanlar daha çox bu davranışları nümayiş etdirirlər:
1. Başqalarını ələ salmaq
Belə insanlar başqalarını alçaltmağı xarakterlərinin bir hissəsinə çevirirlər.
2. Davamlı istehzalı sözlər işlətmək
Onlar tez-tez kəskin və incidici zarafatlar edir, bunu isə "yumor” kimi təqdim etməyə çalışırlar.
3. Qeybət etmək
Başqalarının həyatını müzakirə etmək və dedi-qodu yaymaq da güvənsizlik hissinin əlaməti hesab olunur.
4. Yumordan müdafiə vasitəsi kimi istifadə etmək
Mütəxəssislər bildirirlər ki, bəzi insanlar diqqəti öz problemlərindən yayındırmaq üçün başqaları üzərindən zarafat edirlər.
5. "Şən insan” obrazı yaratmaq
Belə insanlar ətrafda daim enerjili və əyləncəli görünməyə çalışsalar da, daxildə özlərini sevmədiklərini gizlədə bilirlər.
Keysi Cons hesab edir ki, həqiqətən özünəinamlı insanlar başqalarını alçaltmağa ehtiyac duymurlar.
"Heç bir həqiqi özünəinam sahibi insan başqaları haqqında pis danışmaqdan zövq almır. Özünəinamlı insanlar dedi-qodu etməz və başqalarını hədəfə alan istehzalı zarafatlara ehtiyac duymaz”, deyə o bildirib.
Mütəxəssislərin fikrincə, əsl özünəinam insanın öz dəyərini hiss etməsi ilə bağlıdır və bu, başqalarının onun haqqında nə düşündüyündən asılı olmamalıdır.
Psixoterapevt Kristina Ştaynort-Pauell əlavə edib ki, daxilən güclü insan başqalarını tənqid etməyə və alçaltmağa ehtiyac hiss etmir.
"Bu davranışlardan uzaqlaşdıqca insan zamanla həqiqi özünəinam qazanır, sadəcə özünəinamlı görünməyə çalışmır”, deyə o vurğulayıb.
Aydın
Şərhlər