Xəbər lenti

Bu qədər mütaliə edən cəmiyyətiksə...
Hüseynbala Səlimov
Ölkə06:08 27.08.2021

Bu qədər mütaliə edən cəmiyyətiksə...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hüseynbala Səlimov
Qızmar yay günlərində ən gərəksiz iş elə qızmar mövzulara baş vurmaqdır – adamın temperaturu sanki iki dəfə artır. İşin tərsliyindən də başqa vaxt yox, məhz yay günlərində bizim TV-lər belə mövzuları yada salır, hərçənd, ola bilsin, bunlar sadəcə təkrar verilişlərdir və biz ilin başqa fəsillərində baxmadığımız verilişlərə durub indi baxmalı oluruq.
Nə isə, başınızı ağrıtmayacam. Bu günlərdə telekanalların birində mütaliə və ədəbiyyat haqqında veriliş verirdilər. Ümumi fikir bu idi ki, dəyişiklik böyükdür, həm təklif artıbdı bu sahədə, həm də tələb.
Biz də bunu inkar etmirik. Əvvəlcə kitab bazarında dəyişikliyin, hətta deyərdik ki, inqilabi dəyişikliyin baş verdiyini biz də inkar etmirik. Hərçənd, kitabçılıq bir sənət kimi geri gedib: redaktə və korrektə işi zəifdir, illüstrasiyalar yoxdur, tərcümələr çox aşağı səviyyədədir. Amma bununla belə qeyd etmək lazımdır ki, kitab bazarında əsl bolluq yaşanır və hazırda bazarda hər çeşiddə kitab var.
Amma bazarda kitab çoxdursa, bu, hələ o demək deyil ki, oxuyanlar da çoxdur. 
Hərçənd, indi kapitalizm dövrüdür, heç kim ziyanlı-gəlirsiz işin qulpundan yapışmaz. Düzdür, burada bir incə məqam var. Hazırda yerli kitablar daha çox müəlliflərin hesabına nəşr edilir. Üstəlik, müəlliflərə heç bir qonorar verilmir. Amma digər tərəfdən, əcnəbi müəlliflər də çap olunur və əgər onların kitabları alınmasaydı, heç kim boş-boşuna əcənəbi müəllifləri çap etməzdi.
Qərəz, qəbul edək ki, biz mütaliə edən cəmiyyətik. Çap edirlərsə, deməli, oxuyan da var. 
Amma dərhal sual yaranır: bəs biz cəmiyyət olaraq niyə dəyişmirik? Niyə bir çox parametrlərə görə dünyanın geri cəmiyyətlər sırasındadıyıq?
Burada da demək olar ki, heç də belə deyil, müəyyən irəliləyişlərimiz var. Razıyam. Ən azı İkinci Qarabağ Savaşı göstərdi ki, cəmiyyət olaraq bir xeyli dəyişmiş və irəliləmişik.
Amma qüsurlarımız da çoxdur. Xüsusən də müasirlik və demokratiya sarıdan axsayırıq. Bir tərəfdən dünyanın ən yeni kitablarını oxuyur, digər tərəfdən də bəzi məsələlərdə lap daş dövrünün insanları kimi mühakimə yürüdürük.
Niyə belə olur? Qeyd edək ki, bu suallarla təkcə bizim insanlarımız vurnuxmurlar, onlar əvvəllər də olub, başqa ölkələrin insanları da onlara cavab tapmağa çalışıblar.
Xüsusən də bununla bağlı Rusiya müstəvisində çox maraqlı təhlillər olub. Onların qənaəti bu olub ki, bunun iki izahı var.
Birincisi, kitablar insanları dəyişir, amma demək olmaz ki, yalnız yaxşı istiqamətə dəyişirlər. Ruslar buna misal kimi öz ədəbiyyatlarını göstərir, Gertseni, Çernışevskini və hətta Belinskini misal gətirirlər. Bəli, bu yazarlar Rusiya cəmiyyətini çox dəyişdi, amma birmənalı şəkildə demək olar ki, ona fəlakətlər yaşatdılar.
İkincisi, birdəfəlik qəbul etmək lazımdır ki, ədəbiyyat insanları dəyişib-eləmir, başqa əyləncələr kimi kitab oxumaq da bir əyləncədir - bəli, ola bilsin, bir qədər ciddi əyləncədir, amma bütün hallarda mütaliə nəsə öyrənmək üçün deyil, vaxtı maraqlı keçirmək üçün bir məşğuliyyətdir...
Məsələni bu cür qoysaq, onda üstümüzdəki sual yükü də azalar. Bəlkə də buna qarşı etirazın göstəricisidir ki, xaricdə sırf yazıçı beyninin məhsulu olan ədəbiyyata maraq azalır, insanlar daha real və daha sənədli şeylər oxumağa çalışırlar.
O ki qaldı bir daha tərbiyə məsələsinə, indi ən çox kitab oxunan ölkələrdən biri Hindistandr. Amma məhz Hindistanda məşətdə və ictimai həyatda zorakılıq maksimum həddədir. Bunun özü bir daha göstərmirmi ki, oxumaqla insan mələkmisal olmur? Bəs onda tərbiyə nəyin üzərində qurulmalıdır? Kitabda yazılanlarla həyat arasında bu qədər uçurum varsa, valideyn uşağına nəyi və necə öyrətməlidir? Mən bu məqamda susuram, çünki bu sualın dəqiq, ümumi bir standart ola biləcək cavabını bilmirəm. Xüsusən də insan şəxsiyyəti haçalanmış– ikiləşmiş cəmiyyətlərdə belə saullara cavab tapmaq elə də asan olmur...