"Merck" və "Moderna" şirkətlərinin melanoma əleyhinə peyvəndin hazırlanmasında əldə etdiyi uğur bir çox şiş növlərinə qarşı effektiv ola biləcək yeni xərçəng müalicəsi istiqamətinin əsasını qoyur.
Qaynarinfo xəbər verir ki, bu barədə CNN yazıb.
Fərdi qaydada hazırlanan peyvənd hər bir pasiyent üçün ayrıca hazırlanır və immun sistemini xərçəng hüceyrələrinə hücum etməyə öyrədir. Bu xüsusiyyət onu bütün orqanizmə təsir edən kimyaterapiyadan və bütün immun sistemini aktivləşdirən immunoterapiyadan fərqləndirir.
Melanoma ilə yanaşı, fərdiləşdirilmiş xərçəng peyvəndləri digər şiş növləri üzrə də inkişafın son mərhələlərindədir. "Merck" və "Moderna" cərrahi yolla çıxarılmış kiçik hüceyrəli olmayan ağciyər xərçənginə qarşı peyvəndlə bağlı bir neçə böyük klinik sınaq keçirir.
Sidik kisəsi və böyrək xərçəngi olan pasiyentlər üçün peyvəndlərin klinik sınaqları orta mərhələdədir. Mədəaltı vəzi və mədə xərçənginə qarşı peyvəndlərin sınaqları isə ilkin mərhələdədir. Nəticələrin yaxın bir neçə il ərzində açıqlanması gözlənilir.
"Roche" və "BioNTech" şirkətləri də oxşar müalicəni cərrahi əməliyyat keçirən yoğun bağırsaq və mədəaltı vəzi xərçəngi xəstələri üzərində sınaqdan keçirir. Bu şirkətlərin texnologiyası COVID-19-a qarşı "Pfizer" peyvəndlərində istifadə olunan mRNT texnologiyasına əsaslanır.
Həmin tədqiqatlar orta mərhələdədir. Yoğun bağırsaq xərçəngi ilə bağlı araşdırmanın nəticələrinin 2027-ci ildə, mədəaltı vəzi xərçəngi üzrə nəticələrin isə 2031-ci ildə açıqlanması gözlənilir.
Bu həftə "Merck" və "Moderna" şirkətləri bildiriblər ki, onların mRNT peyvəndi melanomalı 1000-dən çox pasiyentdə xəstəliyin təkrarlanmasının və yayılmasının qarşısını almağa kömək edib.
Söhbət şişləri cərrahi yolla çıxarılmış, lakin xəstəliyin yenidən yaranması riski yüksək olan pasiyentlərdən gedir. Tədqiqat zamanı peyvəndin xəstəliyin residivi riskini azaltdığı müəyyən edilib.
Peyvəndin rəsmi təqdimatının yaxın zamanda keçirilməsi gözlənilir. "Moderna" şirkəti ümid edir ki, peyvənd təsdiqləndikdən sonrakı ilk bir neçə il ərzində minlərlə melanoma xəstəsi ondan faydalana biləcək.
Aydın
Şərhlər