Xəbər lenti

“Debatda əsas günahkar Hafiz Hacıyev oldu” -YAP-çı deputat
Siyasət07:54 21.09.2013

“Debatda əsas günahkar Hafiz Hacıyev oldu” -YAP-çı deputat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Milli Şuranın namizədi Cəmil Həsənlinin İctimai Televiziyadakı 19 sentyabr debatında Yeni Azərbaycan Partiyasının (YAP) namizədi, prezident İlham Əliyevin və onun səlahiyyətli nümayəndəsi Əli Əhmədovun ünvanına söylədiyi fikirlərə münasibət bildirib.

Publika.az-ın məlumatına görə, YAP-çı deputat söyləyib ki, Cəmil Həsənli prezidentliyə namizəddir, ancaq efirdə özünü tərbiyəsiz adam kimi aparıb və nalayiq ifadələr işlədib: “Cəmil Həsənli YAP-ın namizədi barədə söylədiyi fikirləri ilə əslində Azərbaycan xalqını təhqir etmiş oldu. Bu adam ölkə prezidenti olmaq istəyir. İndi bunun bu cür tərbiyəsiz hərəkətlərini görəndən sonra kim bu adama səs verəcək? Kim bunu prezident seçəcək? Özünü adi bir teledebatda apara bilməyən və şər-böhtan fikirlər danışan bir adama nə deyərlər? Bu ölkənin prezidenti bütün Azərbaycan xalqının prezidentidir. Prezident haqqında şər, böhtan və nalayiq sözlər deyən insana isə Azərbaycanda yer yoxdur. Əgər Cəmil Həsənlinin bir az tərbiyəsi olsa, gedib namizədliyini geri götürər. Mərkəzi Seçki Komissiyası (MSK) da bu məsələyə baxmalıdır və müvafiq tədbir görməlidir. Ən azı Cəmil Həsənli qanunlar əsasında cəzalanmalı və namizədliyi ləğv edilməlidir. İndi bütün Azərbaycan xalqı tələb edir ki, Cəmil Həsənlinin namizədliyi ləğv edilsin”.

Həmin teledebatda Müasir Müsavat Partiyasının prezidentliyə namizədi Hafiz Hacıyevin də hərəkətlərinə münasibət bildirən E.İbrahimov qeyd edib ki, Hafiz Hacıyev də debatda dözülməz hərəkət edib: “O da özünü apara bilmədi. Dözümlülük lazımdır, indi inşandır, namizəddir, sözün demək istəyir, qoy desin. Sən də ona sözlə cavab ver. Daha əlinə “butulka” götürüb tullamaq, bu nə deməkdir? Hafiz Hacıyev bunu başqa ölkələrdən nümunə götürüb. Bunun özü teledebatı pozmaq deməkdir. Mənə belə gəlir ki, MSK Hafiz Hacıyev haqqında da yəqin tədbir görəcək. Çünki debatda ilk təhqir edən adam Hafiz Hacıyev oldu. Hafiz Hacıyev Cəmil Həsənlinin qızını təhqir etdi, bundan sonra da Cəmil Həsənli ölkə prezidenti haqqında nalayiq sözlər danışmağa başladı. Elə əsas günahkar Hafiz Hacıyev oldu. Hafiz Hacıyev guya qəhrəmanlıq, “geroyluq” etmək istəyir. Hafiz Hacıyevin debatdakı çıxışına indi nə bizim namizədimizin, nə də iqtidarın heç bir ehtiyacı yoxdur. Hafiz Hacıyev indi prezidentliyə namizəddir və çıxıb ağıllı başlı sözünü desin. Danışmağın da bir tərbiyəsi var”. 

Qaynar.info