Xəbər lenti

Deputat:
Ölkə 11:05 30.06.2026

Deputat: "Vaxtında atılmış addımdır"

"Təəssüf ki, bu gün məktəblərdə telefon və planşetlərdən istifadə təlim-tədris prosesinə çox ciddi mənfi təsir göstərir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov məktəblərdə dərs vaxtı mobil telefonlardan istifadənin qadağan edilməsi ilə bağlı qərarı şərh edərkən deyib. 

Deputat hesab edir ki, qəbul olunan qərar təhsil prosesinə müsbət təsir göstərəcək:

"Təlim-tədris prosesinə mane olan mənfi halların qarşısı daha qətiyyətlə alınacaq. Mövcud vəziyyətin təhlili göstərir ki, məktəblərdə ağıllı telefon və planşetlərdən istifadə təlim-tədris prosesinə ciddi mənfi təsir edir. Bu məsələ son illər təkcə ölkəmizdə  deyil, dünyanın bir çox dövlətində də geniş müzakirə olunur. Artıq bir sıra ölkələr bu istiqamətdə konkret  addımlar atmağa başlayıb". 
 


Ceyhun Məmmədovun sözlərinə görə, telefon və planşetlərin dərs zamanı istifadəsinin qadağan olunması təhsil mühitinin sağlamlaşdırılmasına töhfə verəcək:

"Bir müddət əvvəl Prezident İlham Əliyev uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı mühüm sərəncam imzalayıb. Həmin sənəddə azyaşlıların sosial mediadan istifadəsinin tənzimlənməsi, bu istiqamətdə mexanizmlərin hazırlanması, eləcə də məktəblərdə ağıllı telefon və planşetlərdən istifadə ilə bağlı araşdırmaların aparılması nəzərdə tutulurdu. Bu gün həmin istiqamətdə mühüm addım atılıb. Hesab edirəm ki, telefon və planşetlərin dərs zamanı istifadəsinə qoyulan qadağa təhsil mühitinə müsbət təsir göstərəcək". 

Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev məktəbəhazırlıq qruplarında və ümumi təhsil müəssisələrində mobil və digər elektron cihazlardan istifadəyə dair müvafiq qərar imzalayıb. Qərara əsasən, məktəblərdə dərs vaxtı mobil telefonlardan istifadə qadağan edilib. 

Bahar Rüstəmli

--> -->