"Yas mərasimlərinin tənzimlənməsi prosesi dövlət tərəfindən həyata keçirilərsə, insanlar bunu qadağa kimi qəbul edərək, onun üzərinə gedəcəklər".
Bunu Qaynarinfo-ya açıqlamasında ilahiyyatçı Elşad Miri yas mərasimlərində hökm sürən mənasız ənənələrə son qoymaq üçün dövlət səviyyəsində inzibati addımların atılması məsələsinə toxunarkən deyib.
"Pandemiya dövründə elə bir vəziyyət yarandı ki, insanlar artıq yas mərasimlərində 3-7, cümə axşamları və nəhayət 40 mərasimində ehsan süfrələrinin təşkil edilməsi kimi məsələlərin aradan qaldırıldığının şahidi oldular. Ancaq faktiki olaraq pandemiya aradan qaldırılan kimi, yenidən əvvəlki mənzərə təkrar olunmağa başladı. Yəni prosesin dövlət tərəfindən tənzimlənməsi zamanı insanlar bunu qadağa kimi qəbul edərək, onun üzərinə gedirlər. Nəticədə onlar həmin qadağaya qarşı çıxırlar və belədə isə proses tənzimlənmir", deyə Elşad Miri bildirib.
Həmsöhbətimiz düşünür ki, bununla bağlı maarifləndirmə işləri düzgün aparılarsa, məsələ avtomatik olaraq öz həllini tapacaq:
"Çünki əslində yas mərasimlərindəki belə halların yığışdırılması hamının ürəyindən keçən, istədiyi məsələdir".
Ekspert qeyd edib ki, din xadimləri yas mərasimlərilə bağlı əvvəlki mövcud qaydaların qalmasında maraqlıdır:
"Din xadimləri məhz mövcud vəziyyətdən bəhrələndiklərindən bu məsələnin tənzimlənməsində aktiv və maraqlı deyillər. Vəziyyətin mövcud şəkildə qalması onlar üçün həm reklam yeridir, həm "çörək ağacı"dır, həm də özlərini təsdiq etdirməyin bir formasıdır. Bu, İslama və Qurana aid olan məsələ deyil. Məhəmməd Peyğəmbər övladları, yaxınları, əmiləri, xanımları öləndə heç bir zaman belə bir anlayışı tətbiq etməyib. Ona görə də bu heç bir şəkildə doğru ola bilməz".
Qeyd edək ki, Azərbaycanda yas mərasimlərində israfçılığa yol vermək kimi mənasız ənənələr hələ də davam edir. Az qala ölkədə hər bir ailə vəfat etmiş yaxını üçün üç, yeddi, cümə axşamları və 40 mərasimləri təşkil edərək, ehsan süfrəsi verməyə çalışır.
Mövzu ilə bağlı mətbuata açıqlamasında dinşünas alim Nəriman Qasımoğlu vurğulayıb ki, bu məsələlər dövlət səviyyəsində hansısa inzibati yolla tənzimlənərsə, yas mərasimlərindəki mənasız ənənəyə son qoyular.
Rüfət Sultan
Şərhlər