Polşanın Baş naziri Donald Tusk bildirib ki, Ukrayna Varşava ilə münasibətlərdə yaranmış gərginliyi azaltmaq üçün çıxış yolları axtarır. Onun sözlərinə görə, Ukrayna Avropa İttifaqına üzvlük məqsədinə çatmaq üçün tarixi ilə barışmalıdır.
Qaynarinfo "Reuters" agentliyinə istinadən xəbrə verir ki, Tusk bu açıqlamanı mətbuat konfransında verib.
Agentlik xatırladıb ki, Polşa ilə Ukrayna arasında münasibətlərdə son vaxtlar gərginlik müşahidə olunur. Polşa prezidenti Karol Navrotski Ukrayna prezidenti Volodimir Zelenskini ali ordendən məhrum edib və qərarını II Dünya müharibəsi zamanı polyakların kütləvi qətliamında ittiham olunan üsyançıların adının Ukraynanın hərbi bölmələrindən birinə verilməsi ilə əsaslandırmışdı.
Tusk qeyd edib ki, Ukraynanın xarici işlər naziri Andrey Siqiha ilə Polşanın xarici işlər naziri Radoslav Sikorski arasında Varşavada keçirilən görüşdən müsbət siqnallar alıb. "Mən görüşün nəticələrini bilmirəm, lakin Ukrayna tərəfinin gərginliyi yumşaltmaq üçün yollar axtardığına dair siqnallar almışam", deyə Polşa hökumətinin başçısı bildirib.
Radoslav Sikorski isə ayrıca keçirdiyi mətbuat konfransında görüşün təfərrüatlarını açıqlamayıb və "diplomatiya sükuta üstünlük verir" ifadəsini işlədib.
Andrey Siqiha X sosial şəbəkəsində paylaşım edərək "antikrizis tədbirləri paketi" təklif etdiyini bildirib. Onun sözlərinə görə, bu paketə İkinci Dünya müharibəsini araşdıran tarixçilərin görüşünün təşkili və dini liderlərin dialoqa cəlb olunması daxildir: "Biz başqalarının tarixinə hörmətlə yanaşırıq və tərəfdaşlarımızdan da tariximizə və müstəqilliyimizə eyni münasibəti gözləyirik".
Donald Tusk hesab edir ki, Ukraynanın Avropa İttifaqına üzvlük məqsədinə çatması üçün tarixi ilə barışması vacibdir: "Barışıq olmadan Avropa birliyi mümkün deyil, barışıq isə ağrılı tarixlə üzləşmədən mümkün deyil".
Polşanın Baş naziri həmçinin bildirib ki, qarşıdan gələn NATO sammitində Polşa nümayəndə heyətindən Ukraynaya əlavə maliyyə yardımı ilə bağlı vədlər verərkən ehtiyatlı davranmağı xahiş edəcək: "Bu, Ukraynanın maliyyə dəstəyinə ehtiyac duyduğuna inanmadığım üçün deyil. Sadəcə hesab edirəm ki, Polşanın Avropa İttifaqının şərq sərhədinin müdafiəsi ilə bağlı çox ciddi öhdəlikləri var".
Aydın
Şərhlər