"Türkiyənin bu görüşdə olmasını Rusiya və Ermənistan istəmir".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Türkiyənin Moskvada keçirilən üçtərəfli görüşdən kənarda qalmasını şərh edərkən deyib. Onun sözlərinə görə, bu məsələdə Ermənistanın rəyi o qədər də vacib deyildi:
"Rusiya bu məsələdə hələ də özünün həlledici tərəf olduğunu göstərməkdədir. Çünki bu masada Türkiyənin varlığı əslində Rusiyanın da geosiyasi maraqlarına xidmət etmir. Çünki Türkiyənin iştirak etdiyi bir masada Rusiya istədiyi siyasi qərarı çıxarda bilmir. Ona görə də dolayısı ilə siyasi masadan Türkiyəni uzaqlaşdırmaqla həm siyasi masada, həm də hərbi sahədə Türkiyənin mövqelərini zəiflətmək istəyir. Rusiya və Türkiyə bir növ dost ölkə kimi görünsələr də, əslində dünyanın əsas regionlarında - yaxın Şərqdə, Liviyada, yəni, Aralıq dənizinin şərq sahillərində, eyni zamanda Cənubi Qafqazda, Azərbaycanda rəqib tərəflər kimi çıxış edirlər. Ona görə də Türkiyə-Rusiya münasibətləri deyəndə bu münasibətləri dövlətlərarası münasibətlər kimi görmək gərək deyil. Bəzən rəqabətdə olduğu məsələlərin, yəni, uzlaşa bilmədikləri məqamların üstündən yan keçərək Ərdoğanla Putinin arasında olan etimad və bir-birlərini dinləmək mədəniyyəti qısa müddətli qərarların qəbuluna gətirib çıxarda bilir. Ancaq nəticə etibarı ilə hansısa ciddi siyasi nəticələrin olduğu ortada yoxdur".
Natiq Miri qeyd edib ki, Suriyanın Şimalında Türkiyənin ard-arda keçirdiyi üç hərbi hərəkat var:
"Türkiyənin Suriyanın şimalında daha da güclənməməsi və bu hərbi əməliyyatların dayanması üçün Rusiyanın Türkiyə qarşısında üzərinə götürdüyü konkret öhdəliklər var. Rusiya xüsusi ilə Soçi anlaşmasında terrorcuların çıxarılması öhdəliyini üzərinə götürüb. Bəs bu günə kimi terrorçular həmin ərazilərdən çıxarılıb? Yox. Rusiyanın üzərinə götürdüyü öhdəlik, açığı, onun üzərində müəyyən bir məcburiyyət yaratmır. Rusiyanın maraqları diqtə etdiyi təqdirdə öz imzasını belə rahatlıqla görməzdən gələ bilir. Rusiya belə bir ölkədir. Ona görə də Türkiyə Rusiyanın bu siyasətini anladığı üçün zaman-zaman Suriyanın şimalında hərbi əməliyyatlar keçirməklə Rusiyanın öz dilində onunla danışdığına görə bu cür geosiyasi uğurlara imza atıb. Rusiya bunları bildiyi üçün Türkiyəni siyasi masada tutmaq istəmir. Doğrudur, bunu Ermənistanın narahatçılığı kimi qələmə verir, ancaq bu, belə deyil".
Politoloq hesab edir ki, Rusiya Cəbubi Qafqazda, o cümlədən Azərbaycanda olan geosiyasi maraqlarını Türkiyə ilə bölüşmək istəmədiyi üçün bunları edir:
"Buna nail ola biləcəkmi? Buna nail olmaması üçün ilk növbədə Azərbaycanın öz mövqeyində israrlı qalmasına və Qarabağda hərbi təzyiqi daha da artırmasına ehtiyac var. Yalnız bundan sonra Türkiyə də aktivləşərək həm masada, həm də hərbi sahədə ciddi mənada iştirak edə bilər ki, bunun da nəticələri Azərbaycan üçün arzulanan ola bilər. Əks təqdirdə bugünkü Moskva görüşündən Azərbaycan üçün hansısa ciddi siyasi nəticə gözləmirəm".
Bahar Rüstəmli