Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan yeni layihələrə imza atacaq.
Müğənni Qaynarinfo-ya bildirib ki, hazırda Əhməd Cavadın "Bismillah" şeiri üzərində işləyir:
"Yaydır, hamı kimi mən də istirahət edirəm. Həm də fürsətdən istifadə edib geniş yaradıcılıq layihələri üzərində işləyirəm. Başım yaxşı işlərə qarışıb, gözəl əsərlər bəstələmişəm. Onları yeni mövsümdə tamaşaçılarıma təqdim edəcəyəm. Layihələrin bir qismini artıq təqdim etmişəm. Onlardan Məmməd Arazın "Ana yurdum”, Mirzə Ələkbər Sabirin "Get arvad al”, "Qoca kişi yalnız yatmaz” və s. deyə bilərəm. İndi isə Əhməd Cavadın "Bismillah" şeiri üzərində işləyirəm. Bundan əlavə, yaxın vaxtlarda yeni kitabım da işıq üzü görəcək".
O, Roza Zərgərli ilə məhkəmə prosesindən danışmaq istəməyib. "Yaxşı olar ki, mənim yaradıcılığımdan yazasınız. İşlərimin çoxluğundan bu kimi məsələlərə cavab verə bilmirəm", deyə Elza Seyidcahan bildirib.
Qaynarinfo Elza Seyidcahanın müraciət etdiyi Əhməd Cavadın "Bismillah" şeirini təqdim edir:
Atıldı dağlardan zəfər topları,
Yürüdü iləri əsgər, bismillah!
O xan sarayında çiçəkli bir qız
Bəkliyor bizləri zəfər, bismillah!
Ey döyünən ürək, dumanlı şəhər,
Bilirmisən bu zır gurultu nədir?
Aç sisli qoynunu ordumuz gəlir.
Nişanlın qoynuna girər, bismillah!
Ey hərbin taleyi bizə yol ver, yol!
Sən ey gözəl dəniz, gəl türkə ram ol!
Sən ey sağa, sola qılıc vuran qol
Qollarına qüvvet gələr, bismillah!
Ey Bakı, sən qorxma, geldik, gələli
Sənin üçün biz atıldıq iləri,
Sağ olan annelərə olur təselli
Şəhidlərin ruhu gülər, bismillah!
Ey düşmən, alnının yazısı qara,
Öldürməz bizlərə vurduğun yara,
Yolladığım qurşun ərmağan sənə
O kirli alnını öpər, bismillah!
Sən mərd olub dursan qarşımda əgər,
Qudurğan saçmalı növbətin keçər.
Sağlandığım torpaq qanmı içər,
Yurdum olmaz sənə sipər, bismillah!
Yurdumuzda bizə meydan oxuyan,
Murdar cəmdəkləri murdar qoxuyan,
Təkbir səslərini uzaqdan duyan
Düşmanımız aman istər, bismillah!
Bahar Rüstəmli
Şərhlər