Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Avropa İttifaqı Türkiyə kimi bir üzv dövlətə ehtiyac duyur. Onun sözlərinə görə, Ankara Aİ-yə tamhüquqlu üzv olmağa hazırdır:
Qaynarinfo xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat
yayıb.
"Türkiyə olaraq biz tam üzvlüyə hazırıq", – deyə Ərdoğan bildirib və əlavə edib: "Köhnəlmiş, təkidçi siyasi baxışlardan azad olmaq Avropa İttifaqı üçün yeni bir dövrün başlanğıcı ola bilər".
Türkiyə Aİ-yə (o zaman Avropa İqtisadi Birliyi) üzvlük müraciətini 1987-ci ildə edib. 1999-cu ildə namizəd ölkə statusu alıb və 2005-ci ildə rəsmi üzvlük danışıqları başlanıb.
Lakin bu proses son illərdə ciddi ləngiyib. Səbəblər arasında insan haqlarına və hüququn aliliyinə riayət olunmaması, Kipr problemi və bəzi Aİ ölkələri ilə gərgin münasibətlər göstərilir.
2018-ci ildən bəri danışıqlar faktiki olaraq dondurulub və Türkiyənin üzvlüyü ilə bağlı perspektivlər hələ ki, olduqca qeyri-müəyyəndir.
Mart ayında Polşanın Baş naziri Donald Tusk bildirib ki, Türkiyəni Aİ üzvü kimi görmək istərdi.
KİV-in məlumatına görə, NATO rəhbərliyi də AB ilə Türkiyə arasında münasibətlərin yaxşılaşdırılmasını tövsiyə edib. Bu çağırışlar ABŞ Prezidenti Donald Trampın müttəfiqlərə qarşı sərt siyasəti və Avropa ölkələrinə təhlükəsizlik zəmanətlərini ləğv etməklə hədələməsi fonunda səsləndirilib.
Ərdoğan isə Aİ-nin Türkiyə ilə üzvlük danışıqlarını dərhal bərpa etməli olduğunu vurğulayıb. Onun sözlərini Türkiyənin dövlət agentliyi Anadolu yayıb.
"Avropa İttifaqı artıq bir gün belə gözləməməlidir ki, üzvlüklə bağlı danışıqları yenidən başlatsın və irəliləsin", – deyə Ərdoğan bildirib.
O əlavə edib:
"Biz gözləyirik ki, artıq dəfələrlə şahidi olduğumuz qeyri-müəyyən münasibətlərin Avropa ilə irəliləyişə imkan vermədiyini anlasınlar. Avropada və onun ətrafında baş verən hadisələri, Aİ daxilində fikir ayrılıqlarını nəzərə alsaq, görünəcək ki, birliyin Türkiyə kimi dinamik və problemləri həll etməyə yönəlmiş üzvə ehtiyacı var".
Alpər
Şərhlər