Ermənistan yenə də sərhəddə atəşkəsi pozub. Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, iyunun 20-i gecə saatlarından başlayaraq, iyunun 21-i səhər saatlarına qədər Ermənistan silahlı qüvvələrinin bölmələri sərhədin Qarakilsə rayonunun Saybalı, Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqəsindəki mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd, Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atəşə tutub. Cavab tədbirlərilə düşmən susdurulub.
Qeyd edək ki, atəşkəsin bu dəfəki pozulması Laçın dəhlizinə alternativ yolun istifadəyə verilməsi ərəfəsinə düşür. Ermənilər alternativ yolun olmasında maraqlı deyillər. Bu fonda Kəlbəcər və Laçın istiqamətində ermənilərin atəşkəsi pozmasında bu amilin də təsiri ola bilər.
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən hərbi ekspert Şair Ramaldanov qeyd edir ki, Ermənistandakı revanşist qüvvələr atəşkəsi pozmaqla sülh prosesinin ləngidilməsinə nail olmaq istəyir:
"Ermənistanda atəşkəsin pozulmasında maraqlı olan qüvvələr var. Revanşist qüvvələr, "Qarabağ klanı” Azərbaycan Ordusunun qələbəsini həzm edə bilməyən qüvvələrlə birlikdə sülh prosesinə maneə olmağa çalışır. Onlar hər vasitədən istifadə edərək prosesə əngəl olurlar. Çünki prosesi ləngitməyin bir yolu var, o da atəşkəsin pozulmasından keçir. Rusiya ətrafında yaranan vəziyyətdən istifadə edən bəzi xarici qüvvələr də bu kimi addımlarla prosesdən öz xeyirlərinə yararlanmağa çalışırlar”.
Digər tərəfdən, Ş.Ramaldanova görə, Laçın dəhlizinə alternativ yolun istifadəyə verilmə ərəfəsində olması da destruktiv qüvvələri qəzəbləndirib: "Laçında olan ermənilər tərəfindən qondarma özünümüdafiə adlı qurumlar yaradılır”.
Ekspert bu qənaətdədir ki, atəşkəsin pozulması Ermənsitan hökumətinin əli var:
"Onlar iddia edir ki, guya Paşinyan heç də hər şeyi idarə etmir. Guya daxildə müəyyən problemlər var. Amma düşünürəm ki, əslində bütün bu atəşkəs pozuntuları məhz bir mərkəzdən idarə olunur. Bu şəraiti məhz Ermənistan dövlətinin özü süni yaradır. Sonda da onu erməni müxalifətinin üstünə atırlar. Hər halda, Azərbaycan gec-tez 0 noyabr bəyannaməsinin tam həyata keçməsini təmin edəcək.
Rüfət Sultan