Xəbər lenti

Ermənilərin revanş arzuları: Məkrli planları nəyə hesablanıb?
Siyasət05:00 15.11.2020

Ermənilərin revanş arzuları: Məkrli planları nəyə hesablanıb?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistan Qarabağdan köçmək məcburiyyətində qalan ermənilərin yenidən Azərbaycan ərazilərinə geri qaytarılmasına çalışır. Bu məsələdə Ermənistanda hakimiyyətdən tutmuş müxalifətə qədər hamı vahid mövqedən çıxış edir. Düşmən tərəfdən verilən açıqlamalardan görünür ki, radikal şovinistlər 44 günlük döyüşlərin nəticələrini asanlıqla həzm edə bilmir və Azərbaycana qarşı ərazi iddialarını davam etdirməkdədir. Bu səbəbdən qısa bir müddətdə son hərbi əməliyyatlar zamanı Qarabağı tərk etməyə məcbur qalan erməniləri geri qaytarmaq niyyətindədir. Hətta indi Azərbaycan ordusunun nəzarətində olan ərazilərdən köçmüş erməniləri də tezliklə Qarabağda yerləşdirmək istəyir. Bunun üçün isə Paşinyan hakimiyyətindən tələb edirlər ki, Hadrut qəsəbəsi və başqa azad olunmuş ərazilərimizdən köçən ermənilərin yenidən Qarabağda məskunlaşması üçün pul ayırsın. Həm də fəal hərbi əməliyyatlar zamanı evləri yararsız vəziyyətə düşmüş mülki erməni ailələrinə maddi yardım verilsin.
Rəsmi Yerevan bu istiqamətdə hələlik tədbirlər görməyə tələsməsə də, Qarabağa sülhməramlılarını yerləşdirən Rusiya da özünü tez bir zamanda ermənilərin geri qaytarılmasında maraqlı olduğunu göstərməkdədir. 
Real vəziyyət isə Ermənistan və Rusiya hakimiyyətlərinin istəklərindən fərqli məcrada davam edir. Ermənistan mətbuatının yazdığına inansaq, deyə bilərik ki, mülki əhali Xankəndi başda olmaqla Azərbaycan ərazilərində yaşamaq istəmir və ən qısa müddətə münaqişəli bölgəni tərk etməyə çalışır. Buna baxmayaraq, müşahidələr göstərir ki, erməni tərəfi və havadarları Qarabağdan köçən əhalini geri qaytarmaqda israrlıdır. Hətta Yaxın Şərq ölkələrindən gətirilərək Azərbaycan ərazilərində məşkunlaşdırdıqları ermənilərin də yenidən çirkin siyasətlərinə alət olunmasına cəhdlər ediləcək. 
Qeyd edək ki, SSRİ dövründəki son siyahıyaalınmada (1989) Dağlıq Qarabağda 189085 nəfər yaşayıb. Ermənilərin sayı - 145450 (76,9%), azərbaycanlılar – 40688 (21,5%), ruslar - 1922 (1%) digər millətlər - 1025 (0,6%). 
1988-ci ildən başlanan münaqişə sonrası Ermənistanda olduğu kimi Dağlıq Qarabağda da monoetnik bir rejim yaratdılar və azərbaycanlılar xüsusi qəddarlıqla tarixi torpaqlarından didərgin salındı. Ermənistanın açıqladığı rəsmi informasiyalara görə, bu ilin 27 sentyabrına qədər Qarabağda yaşayan ermənilərin sayı 140-150 min nəfər olub. Müstəqil mənbələr isə Qarabağda ən yaxşı halda 40-50 min erməninin yaşadığını bildirirdi ki, hazırda bu rəqəmin cüzi bir hissəsinin orada qaldığı ehtimal olunur. Düşmən tərəfinin rus sülhməramlıların nəzarətində ermənilərə təhlükəsiz yaşayış vəd etsə də, onların böyük bir hissəsinin uzun müddət geri qayıtmayacağı şübhəsizdir. Artıq Qarabağdan köçməyə məcbur qalan ermənilər Yerevanda səfirliklər qarşısında aksiyalara başlayıblar. Onların əsas məqsədi də bəllidir: Qaçqın və məcburi köçkün kimi Avropa ölkələrinə sığınmaq. 
Yeri gəlmişkən, Prezident İlham Əliyev dəfələrlə çıxışlarında Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşı olduğunu, rahat və təhlükəsiz şəkildə işğaldan azad olunmuş ərazilərdə yaşaya biləcəyini bildirib. Təbii ki, rəsmi Bakı ermənilərin ölkənin suveren hüquqları çərçivəsində yaşayacağına ümid edir. Amma yuxarıda qeyd etdiyimiz kimi, ötən əsrin birinci yarısında bütün dünya üçün böyük bir təhlükəyə çevrilən alman faşistlərinin etdiyi vəhşilikləri gölgədə qoyan ermənilər və onların havadarları mülki əhalidən siyasi məqsədləri üçün yararlanmaq istəyirlər. Artıq erməni millətçiləri revanş almaq üçün planlarını da açıq şəkildə bəyan etməkdən çəkinmirlər. 
Onların fikrincə, Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladığı 10 noyabr tarixli bəyanata fürsət kimi baxılmalıdır. Erməni tərəfi ilk növbədə dağılmış və sıradan çıxarılmış ordusunu, o cümlədən hələ də işğalda qalan Xankəndi, Xocavənd, Xocalı, Əskəran, Ağdərə və ətraf ərazilərində qalan silahlı qüvvələrini yenidən təşkil etmək istəyir. Xəstə təfəkkürlü erməni millətçilərinin atacağı başqa addımları da asanlıqla proqnozlaşdırmaq mümkündür: Dünya ölkələri tərəfindən Qarabağda yaşayan ermənilərin dövlət kimi tanınmasına cəhdlər etməkdən tutmuş hər cür iyrənc və vəhşi addımlara qədər...
Azərbaycan və Türkiyə də baş verənlərin fərqində olduğu üçün Rusiya ilə aparılan danışıqlarda, habelə Ermənistanla bağlanacaq sazişlərlə gələcəkdə yarana biləcək təhlükələri minimuma endirməyə çalışır...
Orxan Əhmədli