Siyasət 10:38 30.12.2022

Ermənistan Azərbaycandan BMT-yə şikayət etdi

Ermənistan güya Laçın dəhlizinin blokadada olmasını iddia edərərk BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib. 

Qaynarinfo xəbər verir ki, məhkəmənin saytında dərc olunmuş press-relizdə bildirilir ki, güya Azərbaycan "Dağlıq Qarabağdakı 120 min etnik ermənini xarici dünya ilə birləşdirən yeganə yolun blokadasını təşkil edib”. Ermənistan hesab edir ki, blokadanın tezliklə aradan qaldırılacağına dair heç bir əlamət yoxdur.

İddiaçı təkid edir ki, bu məsələ irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiya çərçivəsində həll olunmalıdır. Ermənistan məhkəmədən Azərbaycanı blokadanı aradan qaldırmağa və Laçın dəhlizi ilə hər iki istiqamətdə fasiləsiz hərəkəti təmin etməyə məcbur edərək, tədbir görməyi tələb edib.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 18 gündür davam edir.

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Ermənistan hakimiyyəti orada yerləşən  Rusiya sülhməramlı kontingentini hərəkətsizlikdə ittiham edib. Rusiya Xarici İşlər Nazirliyi sülhməramlıların tənqidini qəbuledilməz adlandırıb.

Nizami Bağırov