Ermənistanda etiraz aksiyaları səngimək bilmir. Aksiya iştirakçıları İrəvan-Eçmiədzin yolunu bağlayıblar. Müxalifət Ermənistan hakimiyyəti ilə danışıq aparmaqdan imtina edib.
"Müqavimət” hərəkatının liderlərindən biri olan Artur Vanetsyan jurnalistlərə bildirib ki, müxalifət öz mübarizəsini sona qədər davam etdirəcək. "Biz küçələrdə xalqla birlikdəyik. Hakimiyyətlə hər hansı danışıqlar aparmırıq və heç bir sövdələşmə yoxdur”, - Vanetsyan əlavə edib. O vurğulayıb ki, hazırda müxalifətin əsas məqsədi küçələrə maksimum sayda insanın çıxmasına nail olmaqdır.
İrəvanda müxalifətin artıq bir neçə gündür davam edən etiraz aksiyasının gedişatını dəyərləndirərkən politoloq Turan Rzayev Qaynarinfo-ya bildirib ki, Ermənistan müxalifətinin küçələrə axışması Bakı ilə İrəvan arasında sülh danışıqları prosesini ləngidə biləcək faktorları ortaya çıxarır:
”Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağın müzakirə predmeti olmadan Azərbaycanla sülh danışıqlarına getməsi, onun ölkəmizin ərazi bütövlüyünü tanıdığına dair verdiyi açıqlamalar ultramillətçi erməni müxalifətinin küçələrə yığışmasına rəvac verib”.
T. Rzayevin fikrincə, Ermənistanda cərəyan edən hadisələrdən çıxacaq istənilən nəticənin rəsmi Bakı üçün heç bir təhlükəsi yoxdur:"Paşinyanla dialoqa gedə bilirik. Bu da 44 günlük müharibədə qazanılan qələbə nəticəsində əldə olunub. Müxalifətin aksiyaları ilə Paşinyanın devrilməsi də Azərbaycana sərf edir. Bu zaman hakimiyyətə gələcək şəxslə dialoq olmadığı təqdirdə, Azərbaycanın antiterror əməliyatları yenidən başlaya bilər”.
Ekspert canfəşanlıq göstərmələrinə rəğmən müxalifətin Paşinyanı devirmək potensialına malik olmadığı qənaətindədir:
"Paşinyan Qərbin, Sorosun dəstəyilə hakimiyyətə gəlib. Bu qədər güclü dəstəyə malik olan hökuməti devirmək isə elə də asan deyil. Digər tərəfdən, Paşinyanı xalq hakimiyyətə gətirib. Bu baxımdan onun elektoratı hələ də güclüdür. Ona görə müxalifətin etirazları güclü diqqət yaratsa da, xalqın real dəstəyini əldə etmədən belə etirazlar qələbə ilə yekunlaşmayacaq. 44 günlük müharibədə məğlub olan Paşinyan ölkə daxilindəki seçkilərdə müxalifət üzərində qələbə çaldı. Bu baş veribsə, indən sonra etirazçıların aksiyalarla Paşinyanı hakimiyyətdən uzaqlaşdırması real ssenari deyil”.
Rüfət Sultan