Siyasət 15:21 04.09.2022

Ermənistan Təhlükəsizlik Şurasının katibi Azərbaycandan üzr istəyib (İDDİA)

Bu yaxınlarda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Xankəndi şəhərinə qanunsuz səfər edib.

Modern.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qriqoryanın qanunsuz səfərinə etirazını bildirib.

"Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə keçirilən növbəti görüşündən dərhal sonra Ermənistan rəsmisinin məqsədyönlü şəkildə atdığı bu qanunsuz addım görüş zamanı əldə olunmuş razılaşmalara kölgə salmaqla yanaşı, Ermənistan tərəfinin normallaşma prosesində iştirakının qeyri-səmimiliyi də açıq şəkildə nümayiş etdirir. Beynəlxalq sərhədlər çərçivəsində Azərbaycanın ərazi bütövlüyünə qarşı atılan istənilən addımlara cavab veriləcək”, - XİN-in yaydığı məlumatda deyilir.

Ermənistanın "168.am” xəbər saytının yaydığı məlumata görə, Armen Qriqoryan Azərbaycanın sərt reaksiyasından sonra təşvişə düşüb. O, hətta daxili kanallar vasitəsilə Azərbaycan tərəfindən üzr istəyib.

O, əslən Qarabağdan olduğunu, Xankəndiyə səfərinin siyasi məqsəd daşımadığını söyləyib. Bundan əlavə, Qriqoryan Qarabağda ata evini, eyni zamanda atasının məzarını ziyarət etdiyini vurğulayıb.