Siyasət 14:49 14.10.2023

Ersin Tatar Azərbaycana təşəkkür etdi: "Haqqımızı tələb edirik"

"Azərbaycanda tarixi günlər yaşayırıq. Azərbaycan xalqına və dövlətinə göstərdiyi qonaqpərvərliyə görə təşəkkür edirik”.

Qaynarinfo xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar oktyabrın 14-də Bakıda keçirdiyi mətbuat konfransında deyib.

"Bizlər Şərqi Aralıq dənizindəki mühüm geostrateji coğrafiyada yerləşən Şimali Kiprin mədəniyyətini, tarixini qardaş ölkədə tanıtmaq üçün gəlmişik”, - o vurğulayıb.

E.Tatar bildirib ki, Prezident İlham Əliyevlə görüşüb: "Azərbaycan Prezidenti bir daha bizə olan dəstəyini ifadə etdi. "Tək millət, üç dövlət” şüarımızla aramızdakı bütün sahələrdə işbirliklərini genişləndirmənin önəmini vurğuladım. Türk dünyasındakı cəbhəmizi gücləndirmək üçün digər türkdilli dövlətlər də bizə dəstək verməlidir”.

O deyib ki, Şimali Kiprdə Azərbaycanda baş verən bütün hadisələri yaxından izləyir: "44 günlük Vətən müharibəsində kıbrıslı türklərin ürəyi Azərbaycanla döyünüb. Biz eyni dili danışan xalqlarıq”.

E.Tatar bildirib ki, bu yaxınlarda Şimali Kiprin Girne şəhərində Azərbaycan evi açılacaq: "Şimali Kiprdə Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə tədbirlər keçiriləcək. Dahi liderin həyat yolu və mübarizəsindən bəhs edən toplantılar təşkil olunacaq".

O qeyd edib ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edib suverenliyini tam bərpa etməklə haqq-ədaləti təmin etdi: "Biz də haqqımızı almaq üçün bundan sonra da mübarizə aparacağıq. Bizim heç kimin haqqında gözümüz yoxdur, yetər ki, bizim haqqımızda da heç kimin gözü olmasın, Şimali Kiprə sanksiyalar tətbiq etməklə bizi diz çökdürməyə, bizləri Türkiyədən qoparmağa çalışırlar. Lakin kıbrıslı türklər buna icazə verməyəcək. Türkiyənin və Azərbaycanın dəstəyi, digər türkdilli dövlətlərin də bizimlə birgə addımlaması ilə Şimali Kipr indiyə qədər qarşılaşdığı haqsızlıqları sonlandıracaq. Siyasi təzyiqlər ucbatından Azərbaycan Şimali Kiprin müstəqilliyini tanıya bilməyib. Biz bunu başa düşürük. Lakin bütün siyasi basqılara baxmayaraq, biz Azərbaycandayıq və Azərbaycanla münasibətlərimiz günü-gündən inkişaf etməkdədir”.