"Bu olay növbəti eskalasiyaya səbəb olacaq hadisədir. Çünki döyülən, təhqir olunan Azərbaycan əsgəridir. Bu addım Azərbaycan dövlətinə qarşı olan hərəkətdir. Ermənistan hadisəyə adekvat reaksiya verməsə, bu, danışıqlara, sülh prosesinə ciddi zərbə vuracaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri itkin düşərək Ermənistan tərəfindən əsir götürülən, sonradan işgəncələrə məruz qalan əsgərlərimizlə bağlı baş verən hadisənin yayılmasında kimlərin maraqlı olması və onun sülh prosesinə təsirini şərh edərkən deyib.
"Ermənistan vəziyyətdən çıxmaq üçün yeni uydurma ittihamlarla çıxış edir. Azərbaycan əsgəri guya Ermənistanda kimlərisə öldürən qatil kimi təqdim olunur. Ona görə də məsələ artıq cızığından çıxmağa başlayıb. Belə davam edərsə, danışıqlara ciddi təsir edə və yeni bir eskalasiyanın, təhlükəli vərdişlərin başlanmasına gətirib çıxara bilər”, deyə Natiq Miri qeyd edib.
Ekspert hesab edir ki, etdikləri vəhşi hərəkəti yaymaqla düşmən tərəf erməni cəmiyyətində sanki intiqam hissinin alındığı təəssüratını yaratmaq istəyir:
"İntiqam hiss erməni toplumunda çox güclüdür. Bu baxımdan, etdikləri vəhşi hərəkəti yaymaqla erməni cəmiyyətində sanki intiqamın alındığı təəssüratını yaratmaq istəyirlər. Bu mənada görüntünün yayılması hər hansı cahil bir erməninin də fikri ola bilər. Amma məsələni daha çox yayılması və rezonans doğurmasında bəzi xarici ölkələrin xüsusi xidmət orqanları da maraqlı ola bilərlər. İran və Rusiyanın timsalında bu cür hadisələrin körüklənməsi onların maraqlarına xidmət edir. Çünki bu yeni bir gərginlik eskalasiya təhlükəsi yaradır ki, ondan da yararlanmağa çalışan dövlətlər var.
Azərbaycan dövləti və cəmiyyəti bu məsələdən maksimum istifadə edərək sona qədər getməlidir. Çünki baş verən olay dəhşətli mənzərədir və ciddi presedent yarada bilər".
Həmsöhbətimizə görə, hadisə həmçinin beynəlxalq birlik üçün də imtahandır:
"Onlar bu imtahandan üzü ağ çıxa bilməsə, insan haqları və demokratiya ilə öyünən beynəlxalq təşkiatlar sinifdə qalacaq”.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu bir neçə gün öncə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.
Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib.
Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılıb.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan Ordusunun itkin düşən iki əsgəri ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.
Rüfət Sultan