
“İstər müxalifətdə, istərsə də hakimiyyətdə yetişdirdiyim çoxlu adamlar var”
Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən və Müstəqillik Aktına imza atan siyasətçilərdən biri, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) ilk sədri və lideri Etibar Məmmədovun Publika.Az-a müsahibəsi:
- Etibar bəy, hazırda nə işlə məşğulsunuz?
- Heç bir işlə məşğul deyiləm, hazırda istirahət edirəm.
- Bəs hər hansı yerdən gəliriniz olur?
- Xeyr, mənim gəlirim yoxdur, öz gəlirim ara bir olur. Ancaq ailəmin və yaxınlarımın gəliri var. İndi elə böyük gəlirə də ehtiyacım yoxdur.
- Pedaqoji fəaliyyətlə məşğul olursunuz?
- Uzun müddətdir ki, mənim universitetdə dərs demək imkanım yoxdur. Çünki bəzi adamlar mənim tələbələrimlə ünsiyyətimdən çox narahat olurlar.
- Uzun müddətdən bəri istirahətdə olmaqdan yorulmadınız?
- Vallah, nə deyə bilərəm. Kim fəaliyyət göstərmək istəyirsə, buyurub göstərsin. Mən hələ ki, siyasət meydanında görünməyə ehtiyac görmürəm. İndiyədək əlimdən nə gəlibsə, onu da etmişəm. Bundan sonra isə qoyun digərləri yaradılan şəraitdən istifadə edib özlərini göstərsinlər.
- Amma sizin siyasətdən getməyə səbəb olacaq elə böyük yaşınız da yoxdur...
- Yox, yeni nəsil formalaşır. Onların tələbləri başqadır. Onların tələblərinə uyğun da yeni fiqurlar üzə çıxmalıdır, yetişməlidir. Təbii ki, buna da şərait yaradılmalıdır. Mən də həmin nəslin yetişməsini istəyirəm.
- Bəs sizin fəaliyyətinizi davam etdirəcək şəxsi necə yetişdirmisiz?
- Bilirsiniz, yetişdirməyə qalsa, istər müxalifətdə, istərsə də hakimiyyətdə olan mənim yetişdirdiyim adamlar çoxdur. İndi onlardan bəziləri rəqib partiyada təmsil olunmasına baxmayaraq mən bundan məyus olmuram. Çünki insanlar nə qədər inkişaf edib irəli gedərsə, bu daha yaxşıdır. Mən istəyirəm ki, onların da arasından liderlər çıxsın. Əgər onlardan hər hansı biri lider kimi özünü göstərə bilsə, mən buna çox sevinərəm.
- Nə vaxtsa siyasətə qayıda bilərsiniz?
- Hər şey mövcud şəraitdən asılıdır. Ancaq hələ ki, cəmiyyətdə buna tələb yoxdur. Digər tərəfdən isə hələ ki, mənim elə bir fikrim yoxdur. İndiyədək mən elədiyimi etmişəm. İndi isə dövr başqalarınındır.
- Müxalifət cəbhəsindən olan nümayəndələr tərəfindən sizin vaxtilə indiki müxalifəti aldatdığınız barədə fikirlər və ittihamlar irəli sürülür. Hətta, sizin vaxtilə hakimiyyətlə müəyyən razılaşmaya getməyiniz də söylənilir. Bu fikirlərə münasibətinizi bilmək istərdik...
- Yox, bu qəti belə ola bilməz. Bütün bu cür fikirlər boş və cəfəngiyatdır. Axı nə razılaşma ola bilərdi? Mənim bu cür cəfəng fikirlərə izahat verməyə də fikrim yoxdur. Mən yenə də təkrar edirəm. Hər dövrün öz tələbatı var. İndi də yeni nəsil yetişib. Dünyanın tələbləri də dəyişib, buna uyğun liderlərin yetişməsi vacibdir və mən də bunu istəyirəm. İstər iqtidar, istərsə də müxalifət üçün olsun, yəni bu cəmiyyətdə siyasi meydanın olması və proseslərin baş verməsi olduqca vacibdir. Bu dövlətin inkişafı baxımından da əhəmiyyət kəsb edir. Hazırda isə bu proses mövcud deyil. Uzun müddətdən bəri böyük passivlikdir. Mən çox istərdim ki, cəmiyyətin bütün təbəqələri bu prosesdə yaxından iştirak etsin. Çünki indi ölkədə ictimai-siyasi fəallığa ehtiyac var.
Bundan əlavə, yeni liderlər də yetişməlidir. İqtidar və müxalifət də yeni tələblərə uyğunlaşmalıdır.
-Milli Şuranın fəaliyyətini izləyirsiz?
- Keçmişdə nə olubsa, mən bu məsələyə münasibət bildirmək istəmirəm. Çünki başqalarının fəaliyyətinə qiymət vermək fikrim yoxdur.
- Hakimiyyət və Milli Şurada təmsil olunan şəxslərlə münasibətiniz necədir?
- Hazırda müxalifət və iqtidarla münasibətlərim çox normaldır. Aramızda da heç bir gərginlik yoxdur, hamı ilə münasibətlərim çox normaldır. Mən hər zaman da hamı ilə bərabər məsafədə və səviyyədə olmağa çalışmışam.
- 2015-ci ildə keçiriləcək parlament seçkilərində iştirak etmək fikriniz var?
- Hələ bu ili sağ-salamat başa vuraq, baxaq görək nə olacaq. Hələ 2015-ci ilə çox var. Hər dövrün, hər zamanın öz tələbi var.
- İndi ictimaiyyətdə belə bir fikir var ki, Etibar Məmmədov siyasətdən birdəfəlik gedib. Bu nə qədər doğrudur?
- Kim necə fikirləşirsə, fikirləşsin.
- İndi sizin siyasətə qayıtmağınıza əngəl olan nə isə var?
- Mən hər qərarı özüm verirəm. Ona görə də heç kəs düşünməsin ki, kimsə mənə təsir edir və sairə.
- Dekabrın 15-də Milli Şura mitinq təyin edib. Mitinqdən gözləntiləriniz nədir?
-Mənə bu cür suallar verməyin, mən bu məsələyə fikir bildirməyəcəyəm.
- Bu yaxınlarda Tarif Şurası yanacağın qiymətinin qaldırılması ilə bağlı qərar qəbul etdi. Bəs bu qərara münasibətiniz necədir?
-Bəli, bahalaşma olub və mən hesab edirəm ki, hökumətin bu siyasətində ciddi nöqsanlar var. Yəni, qiymət artımı və digər məsələlər bu formada həyata keçirilməməlidir. Hökumətin iqtisadi proseslərin idarəçiliyində ciddi yanlışlıqları var. Bütün bunlar nəzərə alınmalıdır.
Vasif Həsənli