Dünya 21:05 18.04.2023

G7 nazirləri Rusiyanı nüvə savaşının yolverilməzliyini bir daha təsdiqləməyə çağırdı

G7 ölkələri Rusiyanı nüvə müharibəsinin qalib gələ bilməyəcəyi və başlamamalı olduğu mövqeyinə sadiqliyini təsdiqləməyə çağırıb. 

Qaynarinfo RBC-ya istinadla xəbər verir ki, bu barədə G7-də iştirak edən ölkələrin XİN rəhbərlərinin birgə bəyanatında deyilir.

"Biz beş ölkənin (ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa) dövlət və hökumət başçılarının nüvə müharibəsinin və silahlanma yarışının qarşısının alınması ilə bağlı 3 yanvar 2022-ci il tarixli bəyanatını xatırlayırıq. Biz Rusiyanı həm sözdə, həm də əməldə bu bəyannamədə təsbit olunmuş prinsiplərə sadiqliyini bir daha təsdiqləməyə çağırırıq”, - G7-nin xarici işlər nazirləri bildiriblər.

Bundan əlavə, onlar Rusiyanın nüvə sınağı keçirməyə hazır olduğunu bəyan etməsindən narahat olduqlarını bildiriblər və Moskvanı "nüvə sınaqlarına dair moratoriumuna riayət etməyə” çağırıblar.

G7 xarici işlər nazirləri həmçinin Rusiyanın strateji hücum silahlarının daha da azaldılması və məhdudlaşdırılması üzrə tədbirlər haqqında müqaviləni (START-3) dayandırmaq qərarından təəssüfləndiklərini bildiriblər və Moskvanı ABŞ-la strateji hücum imkanlarının azaldılmasına yönəlmiş dialoqa qayıtmağa çağırıblar.
G7 ölkələri Rusiyanın Belarusda nüvə silahı yerləşdirmək imkanını, eləcə də Rusiyanın "məsuliyyətsiz nüvə ritorikası”nı qəbuledilməz adlandırıb.

Fevral ayında Rusiya prezidenti Vladimir Putin Rusiyanın 2010-cu ildə Moskva və Vaşinqton arasında imzalanmış START III-də iştirakını dayandırdığını bəyan edib. Bu müqavilə hər iki ölkədə istifadəyə hazır nüvə silahlarının sayını məhdudlaşdırır.

Alpər