
Asəf Quliyev: “Seçkiöncəsi partiyalarda aktivləşmə müşahidə olunur”
“Aksiyalarla bağlı İctimai Palata qərar verir. AXCP İP-də təmsil olunduğu üçün qərarlar o qurumdan asılıdır”. Bunu Qaynar.info-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Asəf Quliyev deyib.
O bildirib ki, İP kütləvi tədbirlərin keçirilməsi ilə bağlı qərar verib: “Son vaxtlar əsgər ölümləri bağlı keçirilən aksiyaların təbliğatı sosial şəbəkələr vasitəsilə aparıldı. Bu, daha effektli idi, geniş kütləni əhatə edirdi. İP də bu aksiyalarda fəal iştirak etdi. Bizim üçün mitinqlərin kimin keçirməsi önəmli deyil. O metod diqqətimizi çəkdi. Seçkiöncəsi partiyalarda aktivləşmə müşahidə olunur. Hesab edirəm ki, mayda kütləvi tədbirlər keçiriləcək. AXCP də həmin tədbirlərdə fəallıq göstərəcək”.
AXCP funksioneri hazırda İP-də kütləvi tədbirlə bağlı susqunluğa da aydınlıq gətirib: “Aksiyaların keçirilməməsi cərimələrin artırılması ilə bağlı deyil. Hazırda İctimai Palatada vahid namizəd, geniş birliyin yaradılması ilə bağlı danışıqlar gedir. Həmçinin AXCP-nin özündə təşkilati işlər aparılır. Kütləvi tədbirlərlə bağlı zamanında addımlar atılacaq. Ona görə hazırda aksiyaların keçirilməməsini sırf cərimələrlə bağlamaq olmaz. Əlbəttə, cərimələr də burada rol oynayır”.