Polşanın Quru qoşunlarının keçmiş komandanı, general Valdemar Skşiçak bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenskinin Varşavaya səfəri Kiyevin Rusiya ilə hərbi münaqişənin həlli üzrə danışıqlara mümkün hazırlığı ilə bağlıdır. Generalın sözlərinə görə, Ukrayna prezidenti uğurlu danışıqlar prosesi üçün "güclü koalisiya” yaratmaq niyyətindədir.
Qaynarinfo xəbər verir ki, o, bu barədə "Rzeczpospolita” qəzetinə müsahibəsində
bildirib.
"Yaxın gələcəkdə münaqişənin hərbi finalını görməyəcəyik. Zelenskinin Varşavaya səfəri Ukraynanın gələcəyi ilə bağlı danışıqlarda onu dəstəkləyəcək dövlətlər koalisiyasının yaradılmasına yönəlmiş səfərlər silsiləsində ilk səfərdir”, - deyə Polşanın Quru qoşunlarının keçmiş komandanı bildirib.
Onun sözlərinə görə, nə Rusiya, nə də Ukrayna yaxın gələcəkdə döyüş meydanında vəziyyəti kökündən dəyişdirə biləcək, ona görə də tez-tez danışıqlara başlamaq cəhdləri olacaq.
Polşa Quru qoşunlarının keçmiş rəhbəri hesab edir ki, Kiyevin Qərb müttəfiqləri diplomatik yolda "Ukraynanı dəstəkləmək üçün güclü cəbhə” yaratmalıdırlar ki, Volodimir Zelenski və komandasının danışıqlarda öz maraqlarını müdafiə etməsi daha asan olsun.
Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski bu gün, aprelin 5-də Polşaya gəlib. Ukrayna prezidentinin Polşa prezidenti Anjey Duda ilə görüşü, həmçinin bu ölkədə yaşayan polyak və ukraynalılar qarşısında çıxış edəcəyi gözlənilir. Bu, Ukrayna prezidentinin Rusiya hərbi əməliyyatı başlayandan bəri öncədən elan edilmiş və ilk rəsmi xarici səfəridir.
Nizami Bağırov
Şərhlər