Xəbər lenti

Siyasət 13:42 22.10.2022

Geosiyasi güc nümayişi, yoxsa...(ŞƏRH)

Bildiyimiz kimi, oktyabrın 4-də Praqada imzalanan sənədə əsasən Avropa İttifaqının mülki missiyası Ermənistan sərhədinə gələcək. Bu istiqamətdə son tamamlama işləri gedir. Missiyanın 40 nəfərlik ilk qrupu əraziyə gəlmək ərəfəsindədir. Eyni zamanda, prosesdən ruhlanan ATƏT də anoloji addım atmaq niyyətini ortaya qoyub. Amma ATƏT sərhədə müşahidəçi göndərməklə bağlı nədənsə Azərbaycanın mövqeyini öyrənməyib. 

Qərbin belə bir niyyətinə cavab olaraq Türk Dövlətləri Təşkilatının missiyasının da Azərbaycanla sərhədə gəlməsi mümkündürmü? 

Politoloq Natiq Miri Qaynarinfo-ya açıqlamasında bildirib ki, TDT-nin hərbi missiyasının Azərbaycan sərhədində yerləşdirilməsini vacib məsələdir. Amma o, bu addımın hələlik tez olduğunu düşünür. Çünki bu istiqamətdə hələ konkret siyasi qərar yoxdur:
 
"İndiki vəziyyətdə belə bir güc mərkəzini formalaşdırmadan üstümüzə gələn güclərin qarşısında dayanıqlı olmaq çətindir. Bu fonda Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin təhlükəsizliyinin birgə təmini məsələsi də ortaya çıxır. Bu kontekstdə də Türk Dövlətləri Təşkilatının birgə yaratdığı hərbi birliklərin Azərbaycan-Ermənistan sərhədində durması arzuolunandır. Amma bu barədə düşünmək hələlik tezdir. Çünki hələ belə bir birlik mövcud deyil. Bu istiqamətdə konkret siyasi qərarlar da yoxdur. Bunu hələlik yalnız Azərbaycan-Türkiyə birgə ordu kontekstində təmin etmək olar. Hətta prosesi Qarabağda Türkiyə hərbi bazasının yerləşdirilməsinə qədər inkişaf etdirmək mümkündür. Lakin uzaq perspektivdə sərhədə TDT-nin birgə hərbi kontingentinin gətirilməsi mümkün və vacibdir. Belə bir addım atılarsa onun böyük strateji perspektivi vardır”.


 
Bununla belə həmsöhbətimiz Aİ və ATƏT-in mülki missiyasına cavab olaraq Azərbaycan sərhədində TDT-nin mülki missiyasının yaradılmasına ehtiyac görmür:
 
"Bu missiyanın sərhəddə yerləşməsinin bir anlamı olmalıdır. Azərbaycanın belə bir mülki missiyaya ümumiyyətlə ehtiyacı yoxdur. İrəvan Aİ-nin mülki adına hərbi ekspertlərini yerləşdirməklə dolayısı ilə həm özlərinin təhlükəsizliyini təmin etmək istəyir, həm də ortada Azərbaycana qarşı formalaşa biləcək bir plan var. Bu planın tərkib hissəsi olaraq da gələcəkdə hərbi təxribatlar törədilə və bunu Azərbaycanın üstünə yıxa bilərlər. Nəticədə də Ermənistanın xarici havadarlarının ölkəmizə qarşı hərəkətinə və prosesə müdaxiləsinə zəmin yarada bilərlər. Bu fonda da Azərbaycan sərhədində çəkindirici olması üçün mülki deyil, hərbi güc mərkəzlərinin yerləşdirilməsi daha vacibdir”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->