Bakıda marşrut avtobusunda sərnişinin pul kisəsini oğurlamaqda təqsirləndirilən şəxsə hökm oxunub.
Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına əsasən, hadisə marşrut avtobuslarından birində baş verib. İttihama görə, təqsirləndirilən şəxs sərnişin qadının dizinin üzərində olan, ağzı açıq vəziyyətdə saxlanılan əl çantasından pul kisəsini gizli şəkildə götürüb.
Pul kisəsinin içərisində müxtəlif nominallı əskinaslardan ibarət ümumilikdə 300 manat nağd pul olub. Pul kisəsinin dəyəri isə 15 manat təşkil edib. Nəticədə zərərçəkmiş şəxsə ümumilikdə 315 manat maddi ziyan dəyib.
Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü qismən təqsirli bildiyini deyib. O bildirib ki, hadisədən əvvəl mağazadan aldığı "GO" markalı spirtli içkini qəbul edib. Onun sözlərinə görə, avtobusda ön oturacaqda əyləşən qadının əl çantasının açıq olduğunu və içərisində pul kisəsi gördüyünü görərək oğurluq etmək qərarına gəlib.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, avtobusdan düşdükdən sonra pul kisəsini açıb və içərisində yalnız 30 manat olduğunu görərək həmin pulu götürüb. Daha sonra pul kisəsini avtobus dayanacağının yaxınlığında dayanmış avtomobillərdən birinin üzərinə qoyaraq hadisə yerindən uzaqlaşıb.
O, məhkəmədə törətdiyi əməldən peşman olduğunu, cinayəti sərxoş vəziyyətdə törətdiyini bildirib. Təqsirləndirilən şəxs anasının xəstə olduğunu, polis akademiyasında təhsil aldığını nəzərə alaraq ona sonuncu şans verilməsini və daha yüngül cəza təyin olunmasını xahiş edib. O, həmçinin zərərçəkmişin 300 manat pulunun olduğunu iddia etdiyi üçün həmin məbləği sonradan ödədiyini deyib.
Məhkəmə onun əməlini Cinayət Məcəlləsinin 177.2.5-ci (zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə) maddəsi ilə tövsif edib və təqsirləndirilən şəxsi 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib.
Seyid
Şərhlər