Sənət 12:29 09.05.2023

"Güllü paltar" qalmaqalı xalq artistini hiddətləndirdi

"Onların paltarlarını ələ salan, lağa qoyanlara səslənirəm, həmin adamlar papaqlarını qabaqlarına qoyub fikirləşsinlər ki, həyatda nə edib, nə etməyiblər, səhvləri olub, ya yox”. 

Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Mübariz Tağıyev Azərbaycanı "Eurovision 2023"də təmsil edən Tural və Turan Bağmanov qardaşlarının tənqid olunan çiçəkli geyimlərindən danışarkən deyib. 



Sənətçi hesab edir ki, səhnə səs tələb edir: "Mən anlaya bilmirəm, insanlar niyə onların geyimlərinə baxır, əsas səsdir, ifadır. Geyimləri dizayner fikirləşib. Mahnının girişində müəyyən dekorasiya ilə bağlı uyğunluq var. Onun üçün də tələsmək lazım deyil. Bəlkə də bunu səhnə rejissoru fikirləşib. Bilmirəm, əsas odur ki, orada adımızı uca tutsunlar, ifaları sevilsin, bizə bu lazımdır. Onlar Azərbaycanı tərənnüm edir. Bizə onların çıxışları lazımdır”. 

Müğənni bildirib ki, insanlarda eyib axtarmaq asan işdir, amma belə şeylərdən çəkinmək lazımdır. 

Qeyd edək ki, Azərbaycanı "Eurovision 2023"də təmsil edən Tural və Turan Bağmanov qardaşlarının müsabiqənin açılış mərasimindəki geyim tərzi cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Bəziləri qardaşların geyimini tənqid edib. 

Bağmanov qardaşlarının müzakirə yaradan geyimlərinin dizayneri Aysel Sadıqovadır. Dizayneri bununla bağlı açıqlama yayaraq geyimlərlə bağlı tənqidi postlardan, şərhlərdən söz açıb:



"Nəyi niyə, nə üçün, harada işlətmişik, çox yaxşı bilirik. Ölən adamın arxasından söyüş yazan, qınayan insanlardan nəsə yaxşı rəy gözləmək lazım deyil. Ölkənin bilənləri ortalığa çıxdılar. Hamı ağıllı-ağıllı danışır. İki gündü "New York Times” yazdı. Professional "commentatorlar”ımıza baxıb gülürük. Bundan gözəl nələr mümkündür?”.

Bahar Rüstəmli